...

Bakı yol polisi çağırış etdi

Cəmiyyət Materials 4 Mart 2013 14:04 (UTC +04:00)
Bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 20 minə yaxın piyada Bakı şəhər yol polisi əməkdaşları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub.
Bakı yol polisi çağırış etdi

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 20 minə yaxın piyada Bakı şəhər yol polisi əməkdaşları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, məsuliyyətə cəlb edilən həmin piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Məsuliyyətə cəlb edilən piyadaların əksəriyyəti isə yaşı 20-50 arasında olan vətəndaşlardır.

Əsədov bildirib ki, piyadalara qarşı reydlərin aparılmasında məqsəd piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bununla əlaqədar bölmə rəisi piyadaları yol hərəkət qaydalarını pozmamağa və intizamlı olmağa çağırıb.

"Bu reydlər intensiv olacaq və qaydaları pozan piyadalara qarşı mübarizəni daha da gücləndiriləcək", - Əsədov bəyan edib.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piayalar İnzibati Xətalar Məcəlləsinin 153-cü (Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinə əsasən 20 manat məbləğində cərimə olunurlar.

Hadisələrin növünə görə təhlili göstərir ki, ötən il Bakıda yol qəzaların yarıdan çoxu, yəni 51,5 faizi (550 hadisə, 59 ölüm, 422 xəsarət) piyadaların avtomobillə vurulması faktları ilə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti