...

Azərbaycanda təyyarələrdə inzibati hüquqpozma törədənlərin cərimələnməsi təklif olunur

Cəmiyyət Materials 7 Mart 2013 16:11 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev Trend-ə bildirib ki, bəzi hallarda sərnişinlərin hüquqpozmalara görə birbaşa "qara siyahıya" salınması düzgün deyil.
Azərbaycanda təyyarələrdə inzibati hüquqpozma törədənlərin cərimələnməsi təklif olunur

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda təyyarələrdə inzibati hüquqpozma törədənlərin cərimələnməsi təklif olunur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev Trend-ə bildirib ki, bəzi hallarda sərnişinlərin hüquqpozmalara görə birbaşa "qara siyahıya" salınması düzgün deyil.

"Aviaşirkət hüquqpozmanın miqyasından asılı olaraq, sərnişini "qara siyahı"ya sala bilər və həmin vətəndaşa bilet satmaya bilər. Bu, hüquqpozmanın ciddiliyindən asılı olmalıdır. Lakin qadağa qoymaq düzgün deyil və yalnız müstəsna hallarda cəza növü kimi tətbiq oluna bilər", - o deyib.

Millət vəkili hesab edir ki, İnzibati Hüquqpozmalar Haqqında Məcəlləyə əsasən, bir sıra kiçik qayda pozuntularına görə sərnişinlər müəyyənləşdirilmiş miqdarda cərimə ödəməlidirlər.

Həsənquliyev eyni zamanda qeyd edib ki, bu məsələ qanunvericiliklə deyil, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və aviaşirkətlərin daxili nizamnaməsi ilə tənzimlənir və cərimələr də onlar tərəfindən müəyyənləşməlidir.

Qeyd edək ki, Türkiyədə təyyarələrdə davranış qaydalarını pozan sərnişinlərə cərimələr tətbiq olunması ilə bağlı qərar qəbul olunub. Belə ki, bort baxıcısının xəbərdarlığından sonra sərnişinlər təyyarələrdə elektron qurğulardan istifadə edərlərsə, eləcə də siqaret çəkər və təhlükəsizlik kəmərlərini taxmazlarsa, min türk lirəsi məbləğində cərimə olunacaqlar. Bundan başqa, salonda dava salan, eləcə də bort baxıcısının başqa tələblərinə əməl etməyən sərnişinlərə də eyni məbləğdə cərimə tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti