...

Cinayət məsuliyyətindən hansı hallarda azad olmaq mümkündür?

Cəmiyyət Materials 11 Mart 2013 14:16 (UTC +04:00)
Bəzən elə hallar olur ki, şəxsin bu və ya digər hərəkəti cinayətə bənzəsə də əslində, onda heç bir cinayət tərkibi olmur.Bu hərəkətlər vətəndaşların şəxsi və ictimai mənafelərinin,hüquqlarının cinayətkar qəsdlərdən müdafiəsinə yönəldiyindən qanun tərəfindən müdafiə edilir.
Cinayət məsuliyyətindən hansı hallarda azad olmaq mümkündür?

Azərbaycan, Bakı,11 mart /Trend,müxbir İ.İzzət/

Bəzən elə hallar olur ki,şəxsin bu və ya digər hərəkəti cinayətə bənzəsə də əslində, onda heç bir cinayət tərkibi olmur. Bu hərəkətlər vətəndaşların şəxsi və ictimai mənafelərinin, hüquqlarının cinayətkar qəsdlərdən müdafiəsinə yönəldiyindən qanun tərəfindən müdafiə edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində göstərilir ki,hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Cəmiyyətimizdə baş verən kriminal əməllərdən,qəsdlərdən qorunmaq müvafiq dövlət orqanlarının (məsələn, polis orqanlarının) vəzifəsidir. Bəzi hallarda hər hansı vətəndaş cəmiyyətin, kollektiv və ya şəxsi maraqların bu tip əməllərdən qorunması istiqamətində müəyyən tədbirlər görür, cinayət xarakterli təhlükənin qarşısının alınması üçün vətəndaşlıq borcunu yerinə yetirir. Bu zaman cinayət qanunvericiliyi ilə qorunan ictimai münasibətlərə və ya hər hansı şəxsə ziyan yetirilməsi mümkün hesab edilir. Qeyd edilməlidir ki, kriminal xarakterli qəsdlərdən qorunmaq vətəndaşların hüququdur, vəzifəsi deyil.

Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin üzvü, vəkil Vasif Həsənov Trend-ə bildirib ki, qüvvədə olan Cinayət Məcəlləsində "əməlin cinayət olmasını aradan qaldıran hallar" sadalanıb.

Onun sözlərinə görə, ilk baxışda qeyd edilən təbdirlər cinayət xarakterli olsa da, əslində bu tip hərəkətlərə zəruri müdafiə, son zərurət, cinayət törətmiş şəxsin tutulması zamanı yol verildiyindən belə əməllər cinayət hesab edilmir.

Vəkil qeyd edib ki, zəruri müdafiə dedikdə özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət başa düşülür. Qısası, kriminal qəsddən qorunmaq üçün şəxsin qəsd edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunması zəruri müdafiə deməkdir. Bu növ hərəkətlərin cinayət sayılmaması üçün vacib amil zəruri müdafiə həddinin aşılmamasıdır. Yəni, zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər qarşısı alınan qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmədikdə, bu zəruri müdafiə həddini aşmaq hesab edilir. Məsələn, bağından meyvə oğurlandığını görən bağ sahibinin oğurluq edən şəxsi odlu silahla atəş açaraq öldürməsi.

"Zəruri müdafiə zamanı əsas şərtlər ondan ibarətdir ki, cinayət törətmiş şəxsin qəsdi ictimai təhlükəli xarakter kəsb etməli, real, mövcud və həqiqi olmalıdır. Bu növ qəsdlərin qarşısını alan hərəkətlər isə ictimai-təhlükəli əmələ qarşı, qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilməli və qəsdin xarakterinə, təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Məsələn, iki polis əməkdaşı inkasator avtomaşını ilə yola düşür, yolda müəyyən ərzaq məhsulları almaq üçün avtomaşını hər hansı mağaza qarşısında saxlayır, polis əməkdaşlarından biri mağazaya daxil olur, digəri isə avtomaşında gözləyir, bu zaman avtomaşının yaxınlığından keçən sərxoş bir neçə gənc xuliqanlıq məqsədi ilə avtomaşına daxil olaraq polis əməkdaşına xəsarət yetirmək və oğurluq etmək istəyirlər, polis əməkdaşı da avtomaşından düşərək üzərindəki odlu tabel silahı ilə havaya xəbərdarlıq atəşi açır, sərxoş gənclər bundan qorxaraq qaçırlar, bu zaman ətrafdan keçən digər bir şəxs kömək məqsədi ilə polis əməkdaşına yaxınlaşır, mağazada olan polis əməkdaşı isə silah səsini eşidərək bayıra çıxır və kömək göstərmək üçün yaxınlaşan şəxsin digər polis əməkdaşına hücum etdiyini zənn edərək həmin şəxsə odlu tabel silahı ilə atəş açır. Qeyd edilən nümunədə ictimai təhlükəli qəsd mövcud olmayıb, sadəcə şəxs qəsdin olmasını xəyal edib (xəyali müdafiə). Bu zaman edilmiş hər hansı hərəkət zəruri müdafiə kimi qiymətləndirilməməlidir", Həsənov vurğulayıb.

Son zərurət dedikdə şəxsin özünün və ya başqa şəxslərin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün qanunvericiliklə qorunan obyektlərə zərər vurmaq yolu ilə müəyyən hərəkət etməsi və həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün olmaması anlaşılır. Yəni, hər hansı şəxs qeyd olunan mənafeləri bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün qanunla qorunan obyektlərə zərər vura bilər, lakin belə zərər də mütləq qarşısı alınan zərərdən az olmalıdır. Qeyd edilməlidir ki, son zərurət vəziyyətini doğuran təhlükə mövcud olmalı,həqiqi və real olmalıdır. Belə təhlükələr müxtəlif ola bilər. Məsələn, təbii fəlakətlər, ictimai fəlakətlər (yanğın, partlayış). Son zərurət vəziyyətində müəyyən hərəkətlərin edilməsi üçün şəxsin, dövlətin, cəmiyyətin mənafeyini qorxu altına salan təhlükə baş verməli və davam etməlidir. Belə təhlükəni aradan qaldıran hərəkətlər isə şəxsin, dövlətin, cəmiyyətin mənafeyinin müdafiəsinə yönəlməli, zərər təhlükə mənbəyinə deyil, üçüncü şəxslərə vurulmalı və təhlükə başa çatanadək, vaxtında onu aradan qaldırmağa yönələn hərəkətlər edilməlidir.

"Məsələn, sürücü sərnişin avtobusunu sürətli şosse yolda idarə edərkən avtomaşında qəflətən baş verən nasazlıq nəticəsində idarəetməni itirmək təhlükəsi yaranır, bu zaman avtobusun dərəyə aşmasının və insanların həlak olmasının qarşısını almaq məqsədi ilə sürücü avtomaşını yolun digər tərəfində olan kafeyə tərəf sürür, bu zaman kafeyə ciddi maddi ziyan dəyir və kafedə çalışan əməkdaşlardan biri həlak olur. Digər misal, böyük ticarət mərkəzinə hücum etmiş terrorçular çoxlu sayda insanı girov götürərək onların azad edilməsi üçün külli miqdarda pul tələb edirlər, sonradan tələb etdikləri pulu almalarına baxmayaraq, insanları girovluqdan azad etmirlər, insanların azad olunması zamanı keçirilmiş əməliyyat gedişində terrorçular tərk-silah olunur, bu zaman girov götürülmüş şəxslərdən ikisi həlak olur. Bu misallarda qeyd edilən hərəkərtlər son zərurət zamanı edilən hərəkət kimi qiymətləndirilməlidir", - vəkil qeyd edib.

Onun sözlərnə görə, son zərurət həddini aşma qəsdən zərər vurulduqda cinayət məsuliyyəti yaradır. Son zərurət həddini aşma dedikdə baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması başa düşülür. Məsələn, sürücü avtomaşınla yolda hərəkət edərkən yolu keçən bir nəfər piyadanı vurmamaq üçün avtomaşını yolun kənarındakı dayanacağa tərəf sürür, bu zaman piyadanı nəqliyyat vasitəsi ilə vurmasa da, avtomaşınla dayanacaqda olan üç nəfər şəxsə xəsarət yetirir, onlardan ikisi həlak olur, birinin isə sağlamlığına ağır xəsarət yetirilir. Bu zaman vurulmuş zərər qarşısı alınmış zərərdən artıq olduğundan son zərurət həddini aşma sayılır.

"Ümumiyyətlə, zəruri müdafiə və son zərurəti fərqləndirən başlıca cəhətlər bunlardır. Birincisi, zəruri müdafiə vəziyyətində yaranan təhlükə həmişə insanın ictimai təhlükəli əməli ilə bağlıdır, son zərurətdə isə təhlükənin dairəsi genişdir. İkincisi, zəruri müdafiədə hücum və ya qəsd edənə ziyan vurmaqla təhlükə aradan qaldırılır, son zərurətdə isə ziyan hadisəyə aidiyyatı olmayanlara vurulmaqla da aradan qaldırıla bilər. Üçüncüsü, zəruri müdafiədə vurulan zərər, qəsd nəticəsini ala bilən zərərdən az, ona bərabər, bəzi hallarda isə ondan çox ola bilər, son zərurətdə isə vurulan zərər qarşısı alınan zərərdən az olmalıdır. Dördüncüsü, zəruri müdafiədə qəsd başqa vasitələrlə də aradan qaldırıla bilər, son zərurətdə isə edilən hərəkət yeganə çıxış yolu olmalıdır. Sonuncu fərq isə odur ki, zəruri müdafiədə qəsd edənə yetirilən zərərə görə mülki hüquq məsuliyyəti yaranmır, son zərurət vəziyyətində üçüncü şəxsə yetirilən ziyan ödənilir", mərkəzin üzvü bildirib.

Həsənov təəssüf edir ki, zəruri müdafiə və ya son zərurət vəziyyətində edilmiş cinayətlərin, eləcə də zəruri müdafiə və ya son zərurət həddinin aşmaqla törədilmiş cinayətlərin baxılmasına bu günkü məhkəmə praktikasında az hallarda rast gəlinir.

Mövzu ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Aparat rəhbəri Müzəffər Ağazadə Trend-ə bildirib ki, son zərurət vəziyyətində edilmiş cinayətlərlə bağlı hallara demək olar ki, çox nadir hallarda rast gəlinir.

"Bu nəzəriyyədə var, amma praktikada demək olar ki, yoxdur. Hər halda şəxsən mənə, ümumiyyətlə rast gəlməyib. Amma zəruri müdafiə və son zərurət həddini aşmaqla bağlı törədilmiş cinayət halları var. Burada həddi müəyyən etmək çox çətin və mürəkkəb məsələdir. Bu, hər bir konkret iş üzrə yanaşmadan asılıdır. Belə hallarda çox təcrübəli hakimlər lazımdır", aparat rəhbəri qeyd edib.

Ali Məhkəmədən isə məsələ ilə bağlı Trend-ə bildiriblər ki, son zərurət vəziyyətində edilmiş cinayətlər xarakterinə görə çox nadir hadisədir və təcrübədə çox az hallarda rast gəlinir. Bu sahə üzrə məhkəmə təcrübəsi də yaxşı inkişaf etmədiyindən ola bilər ki, bu səbəbdən müəyyən nöqsanlar və məhkəmə səhvləri də olsun. Ümumiyyətlə, bu mövzu populyar olmadığına görə məhkəmə təcrübəsində çətinliklər yaradır və bəzən müəyyən səvhlərə yol verilir. Ona görə də bununla bağlı SSRİ dövründən bəzi olan işləri tapıb çıxarmaq, SSRİ-nin Ali Məhkəməsinin, Azərbaycanın Ali Məhkəməsinin, eləcə də başqa respublikaların təcrübələrində olan işləri öyrənmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti