...

Xarkov-Bakı-Xarkov aviareysı açılıb (FOTO)

Cəmiyyət Materials 19 Mart 2013 14:10 (UTC +04:00)
Ukrayna Azərbaycanlıları Konqresindən Trend-ə bildiriblər ki, konqresin Xarkov vilayət təşkilatının təşəbbüsü ilə açılan Xarkov-Bakı-Xarkov təyyarə reysini "UTAİR UKRAYNA" aviaşirkəti həyata keçirəcək.
Xarkov-Bakı-Xarkov aviareysı açılıb (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.İsmayılov/

Xarkov-Bakı-Xarkov aviareysı açılıb.

Ukrayna Azərbaycanlıları Konqresindən Trend-ə bildiriblər ki, konqresin Xarkov vilayət təşkilatının təşəbbüsü ilə açılan Xarkov-Bakı-Xarkov təyyarə reysini "UTAİR UKRAYNA" aviaşirkəti həyata keçirəcək. Yeni təyyarə reysinin açılış mərasimində Xarkov vilayət dövlət administrasiyası rəhbərinin müavini Andrey Moçenkov çıxış edərək bu xoş və nəcib hadisəni Azərbaycanla Ukrayna arasında inkişaf edən dostluq əlaqələrinin növbəti təntənəsi adlandırıb.

Qeyd edək ki, Ukraynanın ən böyük sənaye bölgələrindən olan Xarkov vilayətində 30 mindən artıq azərbaycanlı yaşayır. Burada yaşayan soydaşlarımızın ən böyük problemlərindən biri də vətənə gediş-gəlişlərinin təmin olunması üçün təyyarə reysinin olmaması idi.

Açılış mərasimində Xarkov Şəhər Radasının beynəlxalq əlaqələr departamentinin direktoru Viktor Rud, Xarkov Beynəlxalq Hava Limanının kommersiya direktoru Pavel Prusak, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev və digər şəxslər çıxış edərək Xarkov-Bakı-Xarkov təyyarə reysinin açılmasında əməyi olan Xarkov Beynəlxalq Hava Limaninin, UTAİR aviaşirkətinin və Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Mərasimə qatılanlara UTAİR aviaşirkəti haqqında ətraflı məlumat verən kompaniyanın marketinq şöbəsinin müdiri Vladimir Katernı Xarkovdan Bakı şəhərinə açılan təyyarə reysinin gələcəkdə sayının artırılacağını vurğulayıb.

Tədbirdə Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin inkişaf dinamikasından bəhs edən Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov Vilayət təşkilatının sədri Qurban Abbasov Xarkov-Bakı-Xarkov təyyarə reysinin açılmasına dəstək verən hər bir kəsə Xarkovda yaşayan azərbaycanlılar adından dərin minnətdarlığını bildirib.

UTAİR Ukrayna aviya kompaniyası ilkin olaraq Xarkov-Bakı-Xarkov təyyarə reysini hər həftənin cümə günü həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti