...

Azərbaycanın millət vəkili Novruz bayramında ön cəbhədə olan hərbçi və əsgərlərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 22 Mart 2013 12:18 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Novruz bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə və zabitlərlə görüş keçirib.
Azərbaycanın millət vəkili Novruz bayramında ön cəbhədə olan hərbçi və əsgərlərlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 22 mart /Trend/

Millət vəkili Qənirə Paşayeva Novruz bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib.

Trend-in məlumatına görə, ilk öncə hərbi hissənin komandiri polkovnik Mais Bərxudarov çıxış edərək hərbçi və əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Sonra müdafiə naziri Səfər Əbiyevin, korpus komandiri Rövşən Əkbərovun hərbçi və əsgərlərə Novruz təbrikləri oxunub.

Əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib.

Millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır.

"Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək. Öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız öz evlərində bayram süfrələrini qura bilsinlər. Bax bu bayram tonqallarını Cıdır düzündə yandıraq", - millət vəkili deyib.

Tədbirdə Qarabağ müharibəsi veteranları, Tovuz Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib və onlar da çıxış edərək bütün əsgər və zabit heyətini Novruz bayramı münasibətilə təbrik ediblər.

Daha sonra millət vəkili Qənirə Paşayeva fərqlənən əsgər və zabitlərə bayram hədiyyələri təqdim edib.

Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva hərbi hissənin komandiri tərəfindən hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində fəaliyyətinə, diqqətinə və qayğıkeşliyinə görə fərxi fərmanla təltif edilib. Bundan başqa hərbi xidmətdə fərqlənən bir sıra hərbçilərin təltif olunması ilə bağlı fəxri fərmanlar təqdim olunub.

Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlərlə birlikdə nahar ediblər.

Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti