...

Azərbaycanda 517 nəfərdə QİÇS-ə yeni yoluxma aşkar edilib

Cəmiyyət Materials 5 Aprel 2013 17:43 (UTC +04:00)
Azərbaycanda İİV infeksiyası epidemiyası, əsasən, yüksək riskli qrupa aid inyeksion narkotik istifadəçiləri arasında yayılıb.
Azərbaycanda 517 nəfərdə QİÇS-ə yeni yoluxma aşkar edilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda İİV infeksiyası epidemiyası, əsasən, yüksək riskli qrupa aid inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının "Narkotiklərə nəzarət sahəsində 2012-ci il üçün ölkə məruzəsi" adlı hesabatında qeyd edilib.

Hesabatda göstərilir ki, 2012-ci il ərzində Azərbaycanda İİV (insanın immunçatışmazlığı virusu) infeksiyasına (QİÇS/AİDS) yoluxması yeni aşkar olunan insanların sayı 517 nəfər təşkil edib.

Onlardan 502-si (97,1%) Azərbaycan vətəndaşı, 15 nəfəri (2,9%) isə əcnəbidir. İİV-ə yoluxması təsdiq olunmuş 517 nəfərdən 213 nəfər (41,2%) inyeksion yolla İİV-ə yoluxub, onlardan 163 nəfəri (76,5%) dispanser qeydiyyatındadır.

Hesabatda Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən qeyd edilir ki, ölkədə 2012-ci ilin sonunadək İİV infeksiyası təsdiq olunmuş rəsmi qeydiyyata götürülənlərin sayı 3784 nəfərə çatıb. Onlardan 3656 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 128 nəfəri (3,4%) isə əcnəbidir. İİV-ə yoluxmuş insanların 3025-i (79,9%) kişi, 759-u (20,1%) qadındır. 3784 nəfərdən 2234-də (59%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 1626 nəfəri (73,2%) dispanser qeydiyyatındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti