...

"Kapital Bank" Avropa Gimnastika İttifaqının qlobal tərəfdaşıdır

Cəmiyyət Materials 17 Aprel 2013 16:21 (UTC +04:00)
Moskva şəhərində təşkil edilmiş idman gimnastikası üzrə Avropa çempionatının açılışı ərəfəsində "Kapital Bank"la Avropa Gimnastika İttifaqı arasında tərəfdaşlıq sazişinə imza atılıb.
"Kapital Bank" Avropa Gimnastika İttifaqının qlobal tərəfdaşıdır

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Moskva şəhərində təşkil edilmiş idman gimnastikası üzrə Avropa çempionatının açılışı ərəfəsində "Kapital Bank"la Avropa Gimnastika İttifaqı arasında tərəfdaşlıq sazişinə imza atılıb.

Bankdan Trend-ə verilən məlumata görə, aprelin 17-də Moskvada keçirilən imzalanma mərasimində sənədi "Kapital Bank" ASC adından bankın İdarə Heyəti sədrinin müavini Yaşar Məmmədov, Avropa Gimnastika İttifaqı adından isə qurumun prezidenti Corc Gelzek imzalayıblar.

Sazişə əsasən, "Kapital Bank" 1 il müddətində Avropa Gimnastika İttifaqının qlobal tərəfdaşı olacaq. Bu çərçivədə bankın müxtəlif reklam məhsulları İttifaqın il ərzində ayrı-ayrı ölkələrdə təşkil etdiyi bütün beynəlxalq yarışlarda nümayiş etdiriləcək.

Bank haqqında mərasim iştirakçılarına məlumat verən Y.Məmmədov bildirib ki, Azərbaycanda ən qədim tarixə malik bu bank bir çox mədəniyyət layihələrinə də dəstək verir. 2012-ci ildə Azərbaycanda keçirilmiş "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinə, görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertə "Kapital Bank"ın sponsorluq köməyi buna nümunədir.

Y.Məmmədov qeyd edib ki, müxtəlif idman tədbirlərinin dəstəklənməsi də "Kapital Bank"ın fəaliyyəti üçün yeni deyil. Bankın mədəniyyət layihələrində idmanın müxtəlif növlərinə həmişə xüsusi yer ayrılıb. "Kapital Bank" 2007 və 2009-cu illərdə Azərbaycanda bədii gimnastika üzrə Avropa çempionatlarının təşkilində Azərbaycan Gimnastika Federasiyası ilə yaxından əməkdaşlıq edib. "Kapital Bank bu sahədə əməkdaşlığı gələcəkdə də davam etdirmək arzusundadır. Ümid edirik ki, Avropa Gimnastika İttifaqı ilə bağlanan saziş öz gələcək töhfələri ilə əhəmiyyətli olacaq", - Məmmədov vurğulayıb.

Xatırladaq ki, Avropa Gimnastika İttifaqı Avropa qitəsinə daxil olan ölkələrdə gimnastika üzrə çempionatlar, kuboklar və digər yarışlar təşkil edən mötəbər beynəlxalq qurumdur. 48 milli federasiyanın təmsil olunduğu İttifaq dünyanın ən böyük idman təşkilatlarından sayılır. Avropa Gimnastika İttifaqı bu qurumun təşkil etdiyi beynəlxalq yarışların yayımı hüququna malik böyük media şəbəkəsini də özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti