...

Azərbaycan və Türkiyənin diaspor qurumlarının əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2013 18:00 (UTC +04:00)
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti arasında əlaqələri daha da inkişaf etdirmək məqsədilə işçi qrupunun yaradılması nəzərdə tutulur.
Azərbaycan və Türkiyənin diaspor qurumlarının əməkdaşlıq perspektivləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti arasında əlaqələri daha da inkişaf etdirmək məqsədilə işçi qrupunun yaradılması nəzərdə tutulur.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Kemal Yurtnaç ilə görüşüb.

Görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Dövlət Komitəsinin sədri Nazim İbrahimov son illər daha da güclənən türk və Azərbaycan diasporunun birgə fəaliyyətindən danışıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İbrahimov rəhbərlik etdiyi qurumla Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamenti arasında əlaqələri daha da inkişaf etdirmək məqsədilə işçi qrupunun yaradılmasını təklif edib. O, qeyd edib ki, yaradılacaq işçi qrupu vasitəsilə türk və Azərbaycan diasporu arasında koordinasiya daha effektli qurula bilər.

Komitə sədri bu il iyunun 21-də Bakıda keçiriləcək və Türkiyənin də geniş tərkibdə qatılacağı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının I forumunun bu istiqamətdə atılan vacib addımlardan biri olduğunu qeyd edib.

Departamentin rəhbəri Kemal Yurtnaç isə öz növbəsində bildirib ki, mayın 14-də Ankara Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın diaspor məsələlərinə cavabdeh dövlət qurumları rəhbərlərinin görüşünə ev sahibliyi edəcək. Onun sözlərinə görə, görüşdə "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın layihəsi müzakirə olunub təsdiqlənməlidir.

Yurtnaç da Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha effektli olacağını bildirib. "Türk dünyasının ən böyük ehtiyacı beynəlxalq əhəmiyyətli məsələlərdə ortaq mövqedən çıxış edə bilməsidir", - deyən Kemal Yurtnaç tədricən Azərbaycan və türk diasporunun birliyinə, hər iki dövləti və xalqı narahat edən problemlərin həllində birgə fəaliyyətinə nail olduqlarını da qeyd edib: "Ötən il Fransada keçirilən və 35 min insanın iştirak etdiyi yürüşün təşkilində Azərbaycan diasporunun çox böyük dəstəyini gördük".

Türk diasporunun da Xocalı həqiqətlərinin dünyaya çatdırılması fəal iştirak etdiyini deyən Kemal Yurtnaç birgə fəaliyyətin daha da gücləndirilməsinin vacib olduğunu və bu məqsədlə işçi qrupunun yaradılması ideyasını dəstəklədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti