Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/
Mayın 1-dən 5-dək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq velosiped turu Bakı şəhərindən əlavə, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən də keçəcək.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, turun birinci mərhələsi Heydər Əliyev Mərkəzi - metronun "Koroğlu" stansiyası - Heydər Əliyev Mərkəzi marşrutu üzrə 11 dəfə dövrə vurmaqla başa çatacaq.
İkinci mərhələ mayın 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək "Bakı - Abşeron - Qobustan - Şamaxı - İsmayıllı" marşrutu üzrə keçiriləcək.
Üçüncü mərhələ mayın 3-də "Qəbələ - Oğuz - Şəki - Oğuz- Qəbələ", dördüncü mərhələ mayın 4-də "Qəbələ - Şamaxı", beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək Bakı şəhərinin mərkəzi küçələri ilə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.
Bununla əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, qeyd olunan vaxtlarda tədbirin keçiriləcəyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.