...

Bakıda tələbələrin II mahnı müsabiqəsinə start verilib

Cəmiyyət Materials 1 May 2013 15:28 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə "Univiziya" Tələbələrin II Mahnı Müsabiqəsinə start verib.
Bakıda tələbələrin II mahnı müsabiqəsinə start verilib

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə "Univiziya" Tələbələrin II Mahnı Müsabiqəsinə start verib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Birinci Ol!" şüarı ilə keçirilən "Univiziya" müsabiqəsi ilk dəfə 2012-ci ildə reallaşdırılıb və müsabiqənin ilk qalibi Bakı Musiqi Akademiyasının tələbəsi Kənan Qədimov olub.

Qeyd edək ki, ötən il keçirilən müsabiqədən fərqli olaraq, cari ilin 3-5 may tarixlərində baş tutacaq "Univiziya" Tələbələrin II Mahnı Müsabiqəsində musiqi ixtisaslı təhsil müəssisələrinin iştirakı nəzərdə tutulur.

Müsabiqədə iştirakla bağlı Təşkilat Komitəsinə respublikanın 42 ali və orta ixtisas təhsili müəssisələrinin təmsilçiləri müraciət edib, münsiflər heyətinin seçiminə əsasən, 19 ali və orta ixtisas təhsili müəssisəsinin iştirakçıları yarımfinalda iştirak etmək hüququ qazanıblar.

"Univiziya" Tələbələrin II Mahnı Müsabiqəsində əsas məqam müsabiqə və səsvermədə yalnız tələbələrin iştirak etməsidir.

Səsvermə prosesi hər ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının fəallarından formalaşdırılmış "Şura" tərəfindən aparılacaq. Yarımfinal mərhələsində səsvermə gizli, final mərhələsində açıq həyata keçiriləcək.

Müsabiqənin yarımfinal mərhələsi 3 may 2013-cü il tarixdə saat 19:00-dan başlayaraq Heydər Əliyev adına Sarayda keçiriləcək. Yarımfinal mərhələsində 19 ali və orta ixtisas təhsili müəssisəsi iştirak edəcək.

Müsabiqənin final mərhələsi 5 may 2013-cü il tarixdə saat 18:00-də Heydər Əliyev adına Sarayda baş tutacaq. Final mərhələsinə 12 iştirakçı vəsiqə qazanacaq.

Qeyd edək ki, "Univiziya" Tələbələrin II Mahnı Müsabiqəsinin qalibi 30-31 may 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxaq "Univiziya" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti