Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanla ortaq maraqları olan xarici ölkələrin QHT-lərinə də maliyyə yardımı ayırmağa hazırdır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən Trend-ə verilən məlumata görə, bunu Şuranın sədri, millət vəkili Azay Quliyev mayın 1-də Ankarada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin qeyri-hökumət təşkilatları forumunun toplantısında bildirib.
Toplantıda geniş məruzə ilə çıxış edən forumun sədri Azay Quliyev Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti haqqında da ətraflı məlumat verib.
"Şura həm də bir sıra vacib ictimai və iqtisadi əhəmiyyət kəsb edən məsələlərdə hökumətlə məsləhətləşmələr aparır və bu günə qədər ölkə daxilində müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lər tərəfindən həyata keçirilən 2 minə yaxın layihəyə maliyyə dəstəyi verilib", - Quliyev qeyd edib.
Onun sözlərinə görə, bu gün bütün dünyada qloballaşma və demokratikləşmə meyilləri hiss olunur və bu müstəvidə QHT-lərin rolu həm yerli, həm də beynəlxalq formatda genişlənir.
QHT-lər sülhün və təhlükəsizliyin qorunmasında, ölkələr arasında əlaqələrin genişləndirilməsində vacib rol oynayırlar.
Forumun sədri bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin qeyri-hökumət təşkilatları enerji, nəqliyyat, kommunikasiya və digər regional layihələrin həyata keçirilməsinə də öz töhfələrini verirlər.
Quliyev toplantı çərçivəsində forumun nizamnaməsinin təkmilləşdirilərək qəbul ediləcəyinə, növbəti toplantının tarixi və məkanı haqqında razılaşmanın da əldə olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, tədbirdə ümumilikdə 12 ölkədən - Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan nümayəndə heyətləri iştirak edir. Tədbirdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə olunur.