Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/
Xalidə Xalid aprelin 26-da institutdan özbaşına, heç bir razılıq olmadan, ezamiyyət verilmədən gedib. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı bildirib.
"Bundan sonra ondan xəbər olmayıb. Şöbə müdiri elə bilib ki, o, xəstədir. Lakin məlum olub ki, işdən icazə almadan İrana gedib", - Qasımlı bildirib.
Qasımlı əlavə edib ki, Xalidə Xalid Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin kiçik elmi işçisidir və heç bir elmi dərəcəsi yoxdur.
"Onu ciddi Şəhriyarşünas kimi kim qəbul edib ki? Düşünürəm ki, onun elə bir ciddi elmi fəaliyyəti yoxdur", - Qasımlı deyib.
İnstitut rəsmisi Xalidə Xalidin fəaliyyətində ETTELAT üçün şübhəli görünən hər hansı məqamın olmasına şübhə etdiyini də deyib.
"Bu məsələ aydınlaşacaq. O, institutda adi bir elmi işçi olub. O, İrana instituta heç bir məlumat vermədən gedib", - Qasımlı deyib.
O bu məsələnin Xarici İşlər Nazirliyi tərəfindən araşdırılacağına ümid etdiyini də söyləyib.