Azərbaycan, Bakı, 7 may /Trend/
Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
Trend-in məlumatına görə, dövlət himni səsləndirildikdən sonra çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, ötən 20 il ərzində Azərbaycanda Heydər Əliyev ideyalarının uğurla reallaşdırılması nəticəsində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi məcburi dövlət sosial sığortası və pensiya təminatı sistemində də effektiv və müasir avtomatlaşdırılmış idarəetmə sistemi formalaşıb:
"Dahi şəxsiyyətin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf siyasətinin onun varisi tərəfindən vaxtında və mövcud reallıqlar nəzərə alınmaqla gerçəkləşdirilməsi Azərbaycan xalqının sosial rifahına xidmət edəcək bir sistemin qurulmasını təmin edib".
S.Müslümov bildirib ki, ümummilli liderimizin Pensiya İslahatı Konsepsiyası ilə nəzərdə tutulmuş müddəаların yerinə yetirilməsi nəticəsində ölkəmizdə 2006-cı ildən əhalinin sosial müdafiəsi sahəsində müasir tələblərə cavab verən sığorta-pensiya və dövlət sosial yardımı sistemləri ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlamışdır.
"Yeni sığorta-pensiya sisteminin fəaliyyətə başladığı 2006-cı ilin 1 yanvarından sonra əldə olunan uğurların statistik göstəricilərinə əsasən əmək pensiyalarının orta aylıq məbləği 5,1 dəfə artaraq 29,8 manatdan 152 manata, minimum məbləği 3,4 dəfə artaraq 25 manatdan 85 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 24,1 faizdən 42,3 faizə çatdırılıb. Sosial sığorta haqqının dərəcəsinin 29%-dən 25%-ə endirildiyi şəraitdə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 4,4 dəfə artmış, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1300 min nəfərdən 2530 min nəfərə yüksəlmişdir"- deyə DSMF sədri vurğulayıb.
S.Müslümov qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşıb. Bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur.
DSMF sədri vurğulayıb ki, hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlu nəticələr Heydər Əliyev siyasətinin nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir: "Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür".
Çıxışdan sonra ulu öndərə həsr olunmuş "Əbədiyyət dastanı" nümayiş etdirilib və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Fondda keçirilmiş mini-futbol, şahmat və stolüstü turnirlərin qaliblərinə mükafatlar təqdim olunub.
Tədbir Azərbaycan opera solistlərinin konserti ilə yekunlaşıb.