...

Azərbaycanda məhsulların istifadə müddətini artıracaq ilk sterilizasiya qurğusunun quraşdırılmasına başlanılıb

Cəmiyyət Materials 8 May 2013 17:10 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birlikdə icra edilən "Azərbaycanda sterilizasiya məqsədilə güclü qamma mənbəli qurğunun işə salınması" layihəsi çərçivəsində Bakıda ilk sterilizasiya qurğusunun quraşdırılmasına başlanılıb.
Azərbaycanda məhsulların istifadə müddətini artıracaq ilk sterilizasiya qurğusunun quraşdırılmasına başlanılıb

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İsabalayeva/

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birlikdə icra edilən "Azərbaycanda sterilizasiya məqsədilə güclü qamma mənbəli qurğunun işə salınması" layihəsi çərçivəsində Bakıda ilk sterilizasiya qurğusunun quraşdırılmasına başlanılıb. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, sterilizasiya qurğusu ilə bağlı BAEA-nın elan etdiyi tenderi udan Macarıstanın İzotop İnstitutunun bir qrup nümayəndəsi Bakıda səfərdədir: "Qurğunun artıq karkası gəlib. İndi macarlar qurğunun bəzi detallarının yığılması üçün iş aparırlar. Qurğunun hazırlanması təxminən iki ilə başa gələ bilər".

Qəribov deyib ki, strelizasiya qurğusu Bakının ətraf ərazisində - Qobuda quraşdırılır. Sterilizasiya qurğusu üçün əlavə olaraq dozemetrik və mikrobioloji, yəni keyfiyyətə nəzarət laboratoriyaları da yaradılacaq. Hər hansı məhsul sterilizasiya olunduqdan sonra onda mikroorqanizmin tələf olub-olmaması mikrobioloji laboratoriyada yoxlanacaq. Bu laboratoriyalar üçün binalar tikilməlidir. Bu laboratoriyaların quraşdırılması 3-4 aya başa gələ bilər.

Bütün inkişaf etmiş ölkələrdə belə qurğunun olduğunu deyən Qəribov bildirib ki, sterilizasiya qurğusu istifadəyə verildikdən sonra qamma şüaları ilə müxtəlif obyektlər şüalandırılacaq və məhsulların istifadə müddəti artırılacaq. Beynəlxalq sistemdə şüalanmaya məruz qala bilən məhsulların siyahısı və bunun üçün zərərsiz doza hədləri də məlumdur. Həmin məhsullar taxıl, quru meyvələr, ədviyyatlar, ət, ət məhsulları, kolbasa, şərab, kartof və digər kənd təsərrüfatı məhsullarıdır.

Qəribovun sözlərinə görə, sterilizasiya qurğusu vasitəsilə aparılan şüalandırma mikrobların məhv edilməsi üçün ən mütərəqqi üsuldur. Bununla da Azərbaycanda taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının istifadə müddətini artırmaq və bununla da onların tez xarab olmasının qarşısını almaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti