...

Parisdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2013 21:23 (UTC +04:00)
Parisdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Parisdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Parisdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Mərasimdə Fransa rəsmiləri, paytaxt ictimaiyyətinin, diplomatik korpusun və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, Azərbaycan Mülki Aviasiya Administrasiyasının Parisdə işgüzar səfərdə olan rəhbərliyinin və diaspora təşkilatlarının rəhbərləri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək müasir Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin öz əməli fəaliyyəti ilə xalqımızın yaddaşında əbədi iz buraxdığını, SSRİ-nin süqutundan sonra Azərbaycanın suverenliyinin qorunmasına və siyasi sabitliyinə nail olunmasına xüsusi əmək sərf etdiyini diqqətə çatdırıb.

Azərbaycanın çətin və ağır günlərində ərazilərimizin bir hissəsinin - Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi bir vaxtda, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığını, 1995-ci ildə ulu öndərin rəhbərliyi yeni Konstitusiyanın qəbul edildiyini, 1994 və 1995-ci ildə dövlət çevrilişinə cəhdlərin qarşısının alındığını xatırladıb.

Səfir Heydər Əliyevin gərgin əməyi və uğurlu neft strategiyası nəticəsində 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin imzalandığını, ölkə iqtisadiyyatına küllü miqdarda xarici sərmayələrin yatırıldığını qeyd edib, bunun sayəsində Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Supsa və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verildiyini bildirib.

E.Əmirbəyov ulu öndərin strategiyasının və siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın daha da inkişaf edəcəyini, Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın azad olunacağını, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdacağını xüsusi vurğulayıb.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Mariani ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində xarici investorların ölkəmizə sərmayə yatırdıqlarını, iqtisadiyyatımızın dinamik inkişaf etdiyini, mövcud tolerantlığın qorunmasının ictimai-siyasi stabilliyin möhkəmlənməsinə təkan verdiyini bildirib.

Xalq qarşısında xidmətlərinə görə Fransa Prezidenti Şarl de Qolla Heydər Əliyevi eyni bir səviyyədə xarakterizə edən T.Mariani ulu öndərin azərbaycanlıların azadlıq hərəkatını boğmaq üçün Sovet rəhbərliyinin 1990-cı ildə Azərbaycana qoşun yeritməsinə və yüzlərlə günahsız insanı qətlə yetirmələrinə kəskin etiraz edərək Kommunist Partiyasından çıxdığını və 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını xatırladıb.

Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Jan-Pyer Günyüt Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ümummilli lideri dünyanın görkəmli siyasətçilərdən biri kimi dəyərləndirib və təcrübəli dövlət başçısı olduğunu vurğulayıblar.

Sonda "Muğam" mərkəzinin direktoru, Xalq Artisti, hazırda Fransada musiqi təhsilini davam etdirən Murad Hüseynov solo konserti verib.

O, fortopianoda Azərbaycan və fransız bəstəkarlarının əsərlərini ifa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti