Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ilk dəfə olaraq, gənc kardioloq-cərrahlar üçün heyvan ürəkləri üzərində cərrahiyyə əməliyyatları həyata keçiriləcək.
Trend-in məlumatına görə, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri Kamran Musayev jurnalistlərə bildirib ki, bu əməliyyatlar gənc kardioloq-cərrahların yetişməsi üçün aparılacaq.
Musayev bildirib ki, xarici ölkələrdən gəlmiş iki professor gənc mütəxəssislərə ürəyin anatomiyası barədə məlumat verəcək, onlara ürək üzərində əməliyyatlar aparmağı öyrədəcək.
"Bu, praktiki məşğələ olacaq. İlk dəfə olaraq, böyük bir salonda heyvan ürəkləri üzərində praktiki məşqlər aparılacaq", - o deyib.
Qeyd edək ki, bu gündən Bakıda Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Bakı Ürək Günləri" adlı III beynəlxalq konqres öz işinə başlayıb. Bu əməliyyatlar da həmin konqres çərçivəsində həyata keçiriləcək.