Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrində və tam orta təhsil bazasında orta ixtias təhsili müəssisələrində qəbul imtahanlarında iştirak etmək üçün internetdə ərizə qəbulu mayın 17-də başa çatıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Komissiyanın sədri bildirib ki, ilkin statistik məlumatlara əsasən, qəbul imtahanlarında iştirak etmək üçün 102000 abituriyent elektron ərizə dolduraraq onları müvafiq qaydada təstiq edib. Onlardan 58365 abituriyent bu ilin məzunları, 43635 abituriyent isə əvvəlki illərin məzunlarıdır.
Abituriyentlərdən 52507 nəfərini oğlanlar, 49493 nəfərini isə qızlar təşkil edib.
Abbaszadənin sözlərinə görə, TQDK mayın 26-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə respublikanın 27 şəhərində sınaq imtahanları keçırəcək. Bu imtahanlarda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib. İmtahan respublika üzrə 56 imtahan mərkəzində keçiriləcək.
2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün üç yer ayrılmışdır. İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak etmək üçün doldurduqları elektron ərizəni təstiq etdikdən sonra TQDK-da təşkil edilmiş sənəd qəbulu komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 22-24 may tarixlərdə saat 10:00-dan 17:00-dək aparılacaq.
Abbaszadə qeyd edib ki, test imtahanları mayın 29-da keçiriləcək. Test imtahanı nəticəsində 500 və ya daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 31-də keçiriləcək.