Azərbaycan, Bakı, 24 may /Trend/
Bu gün "ERUDİT" elmi klubunun təsis edilməsi ilə bağlı "dəyirmi masa" keçirilib.
Trend Mətbuat Mərkəzində keçirilən tədbirdə klubun təsisçisi və təşkilat komitəsinin sədri Əli İsgəndərov bildirib ki, elmi klub humanitar layihə və proqramlar həyata keçirmək, bu sahələrdə layihə və təkliflər hazırlayaraq dövlət qurumları və əlaqədar təşkilatlara təqdim etmək, bu kimi dövlət tədbirlərinə ictimai dəstək vermək məqsədilə yaradılıb.
Onun sözlərinə görə, təşkilat hər hansı siyasi, ideoloji fəaliyyətdə olan birlik və qurumlarla əməkdaşlıq və təmsil olma prinsiplərindən kənardır və bu faktordan uzaq olan bütün ictimai təşkilatlarla əməkdaşlığı məqbul hesab edir: "Təşkilatla əməkdaşlıq fərdi və kollektiv səciyyə daşıyır. Əməkdaşlıq heç də təşkilata üzvlüyü şərtləndirmir. Bu klub təkcə onu təsis edənlərə və təəssübkeşlərinə deyil, bütün xalqımıza mənsubdur. Klub ideoloji-siyasi məqsəd daşımır və heç bir ictimai birlik və ittifaqı rəqib qismində görmürük. Əksinə, əməkdaşlığa maraqlıyıq".