...

"Təmiz Şəhər" ASC növbəti məlumat turu keçirib (FOTO)

Cəmiyyət Materials 24 May 2013 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

"Təmiz Şəhər" ASC cari ilin əvvəlindən etibarən Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turlarının təşkilinə başlayıb. Tullantıların idarə olunması və bu sahədə yaradılmış infrastruktur kompleksləri ilə ictimaiyyətin məlumatlandırılması və ətraf mühitin mühafizəsinə məsuliyyətin artırılması məqsədilə keçirilən məlumat turlarına əhali tərəfindən böyük maraq göstərilir. İndiyədək turlarda 200-dən çox məktəbli, tələbə və müəllim iştirak edib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sayca 6-cı olan növbəti məlumat turu mayın 24-də "Avropa Tələbələr Forumu-Sumqayıt" İctimai Birliyinin (AEGEE-Sumqayıt) üzvləri üçün keçirilib. Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına səfər edən qonaqlar tullantıların çeşidlənməsi və zərəsizləşdirilməsi prosesləri ilə tanış olublar.

Əvvəlcə iştirakçılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olub və müəssisənin fəaliyyətini əks etdirən qısa filmi izləyiblər. Sonra idarəetmə otağında quraşdırılmış monitorlar vasitəsilə zavodda gedən proseslər nümayiş olunub və ətraflı şəkildə izah edilib. Zavodda tullantıların çeşidlənməsi prosesini izləyən tələbələri maraqlandıran suallar "Təmiz Şəhər" ASC-nin nümayəndəsi tərəfindən cavablandırılıb.

İctimai Birliyinin üzvləri sonra Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub, zavodun fəaliyyəti haqqında film izləyib, "Təmiz Şəhər" ASC və zavodun nümayəndələri tərəfindən onlara tullantıların yandırılaraq zərərsizləşdirilməsi və elektrik enerjisi alınması prosesi izah olunub və müzakirələr aparılıb. Daha sonra idarəetmə otağında şüşə arxasından və onlayn-monitorlar vasitəsilə tullantıların yandırılması prosesi əyani şəkildə izlənilib.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC tərəfindən tullantıların idarə olunması sahəsində ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə həyata keçirilən bu turlar mütəmadi olaraq davam etdiriləcək. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti