...

AMEA-da struktur islahatlarına start verildi

Cəmiyyət Materials 29 May 2013 18:15 (UTC +04:00)
AMEA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda elmi tədqiqatların və nəticələrin hazırkı keyfiyyətinin qiymətləndirilməsi zərurətindən danışıb.
AMEA-da struktur islahatlarına start verildi

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda elmi tədqiqatların və nəticələrin hazırkı keyfiyyətinin qiymətləndirilməsi zərurətindən danışıb. O, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"ya istinadən bildirib ki, respublikada aparılan bütün elmi tədqiqat işlərinin müntəzəm ekspertizası keçirilməli, nəticələri və səmərəliliyi qiymətləndirilməlidir. Adıçəkilən sənəddə bu məqsədlə nəzərdə tutulan tədbirlərdən biri kimi, bu gün alimlər ölkədə elmi tədqiqatların səviyyəsini qiymətləndirməyə, bu istiqamətdə müasir mexanizmləri işləyib hazırlamağa çalışırlar. Bütün bu işlər "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı" ilə tənzimlənir.

Daha sonra Milli Məclisin deputatı, Kibernetika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor Asəf Hacıyev "Elmi araşdırmaların keyfiyyətini qiymətləndirən ekspert-statistik yanaşma" adlı məruzə ilə çıxış edib. O, məlum strategiyaya əsaslanaraq xatırladıb ki, ölkədə mövcud elmi tədqiqat müəssisələrinin elmi nəticələri, onlara ayrılan vəsaitlərin xərclənməsi və s. haqqında məlumatlar mütəmadi toplanmalı, təhlil edilməli və həmin təşkilatların fəaliyyətinin səmərəsini qiymətləndirməklə onların faydalı iş əmsalı müəyyənləşdirilməlidir. Millət vəkili qaldırılan məsələ istiqamətində son illər Kibernetika İnstitutunda aparılmış tədqiqatların nəticələrini toplantı iştirakçılarına çatdırıb. Aparılan elmi tədqiqatların keyfiyyətini qiymətləndirmək üçün institutda yeni mexanizmin işlənildiyini bildirib.

Növbəti çıxış ölkədə ən aktual məsələlərdən biri və iclasın əsas məramı olan Rəyasət Heyətinin mərkəzi aparatında struktur islahatları barədə olub. İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bu mövzuda geniş məruzəsində bildirib ki, sözügedən strategiya və dövlət proqramının qarşıya qoyduğu əsas vəzifələrdən biri elmin idarəetmə sisteminin modernləşdirilməsidir. Bu məsələ aprelin 24-də AMEA-nın yeni seçilmiş prezidenti, akademik A.Əlizadənin çıxışında qabardılıb və AMEA-nın strukturunun elmi-innovativ əsaslarla təkmilləşdirilməsi vəzifəsi qarşıya qoyulub. Bu vəzifədən irəli gələrək АМЕА Rəyasət Heyəti mərkəzi aparatının mövcud strukturu və ştat cədvəli daxilində müəyyən dəyişikliklər təklif olunub və müzakirə edilib.

Nəticədə yeni Elmi Təşkilat və Analitika İdarəsi, Beynəlxalq Əlaqələr İdarəsi, Təhsil və kadrlar, Hüquqi təminat, İnnovasiya, İctimaiyyətlə əlaqələr şöbələri və Ümumi şöbənin təşkili qənaətinə gəlinib. AMEA Rəyasət Heyəti mərkəzi aparatının İşlər idarəsi, Maliyyə-iqtisad şöbəsi, Uçot və mühasibat hesabatı şöbəsi, I xüsusi şöbə, II xüsusi şöbə, Xarici dillər kafedrası və Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin strukturları isə ştat cədvəlinə uyğun olaraq saxlanılır.

Professorun çıxışından sonra qərar qəbul edilərək Rəyasət Heyətinin mərkəzi aparatının yeni strukturu təsdiq olunub.

AMEA-nın prezidenti Akif Əlizadə əlavə edib ki, Rəyasət Heyətinin mərkəzi aparatının strukturundakı yeniliklər ümumən AMEA-da struktur dəyişikliklərinin başlanğıcıdır və bu istiqamətdə gələcək tədbirlərlə birgə Azərbaycan elminin inkişafına xidmət edir.

Tədbirdə, həmçinin AMEA-nın 6 bölməsi - Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, Humanitar və İctimai, Aqrar elmlər bölmələrində akademik katibin müavini, elmi katib və büro üzvü vəzifələrinə yeni təyinatlar təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti