Qazaxıstan, Аstana, 8 iyun /Trend, müxbir D.Muxtarov/
İyunun 6-dan Türkiyənin "Sky Airlines" aviaşirkətinin müflisləşməsi ilə əlaqədar mindən çox Qazaxıstan vətəndaşı Türkiyədən vətənlərinə qayıda bilmir.
Qazaxıstanın Antalyadakı konsulluğunun məlumatına görə, hazırda orada vətənlərinə qayıtmaq üçün məhz həmin şirkətin aviabiletlərini almış 1077 qazaxıstanlı var.
Trend-in məlumatına görə, yaranmış vəziyyətlə əlaqədar hökumətin xüsusi yığıncağı keçirilib və Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə vətəndaşların Antalyadan gətirilməsi üçün iki təyyarə ayırmaq tapşırılıb.
Şənbə günü aralarında, əsasən, qadın, uşaq, qoca və əlillərin olduğu 220-dən çox qazaxıstanlının Almatı və Astanaya gətirilməsi planlaşdırılıb. İyunun 9-da daha 260 nəfərin Almatı və Astanaya, iyunun 10-da 182 nəfərin Aktobeyə, iyunun 11-də isə 210 nəfərin Astanaya, 202 nəfərin Almatıya gətirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu uçuşlarla əlaqədar bütün xərcləri Qazaxıstan hökuməti çəkəcək.