...

Rusiyada ali təhsil almaq istəyən azərbaycanlı gənclər üçün ayrılmış kvota açıqlandı

Cəmiyyət Materials 11 İyun 2013 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İsabalayeva/

Rusiyanın Təhsil və Elm Nazirliyi 2013-2014-cü tədris ili üçün bu ölkənin ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən Azərbaycan vətəndaşlarına 49 yer ayırıb.

Azərbaycan Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hər iki ölkənin Təhsil nazirlikləri arasında 2 fevral 2002-cü il tarixində imzalanmış "Təhsil sahəsində əməkdaşlıq haqqında" protokola əsasən, tərəflərin qarşılıqlı olaraq ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alması üçün hər il müəyyən sayda kvota ayrılır.

Təhsil Nazirliyinin Rusiyanın Azərbaycandakı Səfirliyi ilə apardığı müzakirələr nəticəsində 2013-2014-cü tədris ili üçün namizədlərin seçim prosedurlarının öncəki illərdə olduğu kimı saxlanılması barədə razılıq əldə olunub.

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Rusiyanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulunu iyunun 6-da elan edib.

Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Namizədlərin qeydiyyatı iyunun 13-də yekunlaşır. Qeydiyyatdan keçən abituriyentlər iyunun 16-da TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər.

Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Azərbaycan Təhsil Nazirliyinə təqdim edilməlidir.

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödəniləcək. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib) və ildə bir dəfə Rusiyaya pulsuz gediş-gəliş bileti ilə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti