Azərbaycan, Bakı, 18 iyun / Trend, S.Əhmədova /
Azərbaycanlı deputat Azay Quliyev ATƏT-ə üzv ölkələri qurumun Parlament Assambleyasının baxılmaq üçün nəzərdə tutulan qətnaməsində vətəndaş cəmiyyəti ilə daha açıq və daha geniş fəaliyyət göstərməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə ATƏT PA-nın rəsmi saytında məlumat verilir.
Qətnamənin müəllifi Azay Quliyev qeyd edib ki, "vətəndaş cəmiyyəti həmişə müzakirələrə əlavə dəyər qatır. Qeyri-hökümət təşkilatları (QHT) təkcə müşahidəçi olmalı deyil, həmçinin qərarların qəbulunda aktiv olmalıdırlar".
Sözügedən qətnamə üzv ölkələri qeyri-hökumət təşkilatları və digər fəal vətəndaş cəmiyyəti institutları ilə dialoqda daha fəal olmağa çağırıb.
Qətnamə, həmçinin ATƏT-in üzv ölkələrini QHT-lər və digər vətəndaş cəmiyyəti institutları tərəfindən informasiya resurslarından istifadə məhdudiyyətlərini azaltmağa və "QHT-lərin fəaliyyətinin davamlılığını" təmin etməyə dəvət edir.