...

DMX sədri: Miqrasiya Məcəlləsində miqrantlara böyük imtiyazlar verilib

Cəmiyyət Materials 22 İyun 2013 12:59 (UTC +04:00)
Milli Məclisdə qəbul edilən Miqrasiya Məcəlləsinə qarşı çıxanlar bu gün Azərbaycanda miqrantlarla bağlı problemləri, o miqrantların hüquqlarının qorunması istiqamətində görülən işləri görməyən insanlardır.
DMX sədri: Miqrasiya Məcəlləsində miqrantlara böyük imtiyazlar verilib

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İzzət/

Milli Məclisdə qəbul edilən Miqrasiya Məcəlləsinə qarşı çıxanlar bu gün Azərbaycanda miqrantlarla bağlı problemləri, miqrantların hüquqlarının qorunması istiqamətində görülən işləri görməyən insanlardır.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib.

Onun sözlərinə görə, qanunvericilikdəki yeniliklərdən sonra miqrantlar Azərbaycan Respublikasının ərazisində heç bir çətinliklərlə üzləşməyəcəklər:

"Qəbul edilən Miqrasiya Məcəllləsində yeniliklər və əlavələr çoxdur. Yeni məcəllədə proseslər sadələşdirilib və onlara böyük imtiyazlar verilib. Məsələn, əvvəllər miqrantlara Azərbaycan ərazisində 1 ildən artıq müvəqqəti yaşamaq hüququ verə bilmirdik, amma indi Azərbaycana investisiya qoyan insanlara 3 ilə qədər bu hüququ verə bilərik. Daha sonra onların hüquqlarının qorunması istiqamətində müəyyən məsələlər var ki, orada əksini tapıb."

Firudin Nəbiyev qeyd edib ki, məcəllə iyul ayının 15-dən etibarən qüvvəyə minəcək. Ona qədər isə Dövlət Miqrasiya Xidməti tərəfindən məcəllə ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək və media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin iyunun 13-də keçirilən iclasında Miqrasiya Məcəlləsi sonuncu - üçüncü oxunuşda qəbul olunub. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.

Məcəllədə Azərbaycanda daimi yaşayan əcnəbilərə dil öyrədilməsi, böyük maddi vəsait qoyan əcnəbilərə vətəndaşlıq hüququnun verilməsi, ölkədən kənarda yaşayan soydaşlarımıza vətəndaşlıq hüququnun verilməməsi, Azərbaycana gələn əcnəbilərin 3 gün müddətində qeydiyyata düşməsi və onların qeydiyyatının sadələşdirilməsi və s. məsələlər öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti