Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Məmmədov/
Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən yol qəzasını törətmiş 1983-cü il təvəllüdlü Emin Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Emin Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 6 iyun 2012-ci ildə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Yevlax rayonu ərazisindən keçən 300-cü km-də Emin Hüseynovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillə Yevlax rayon sakini, 1948-ci il təvəllüdlü Əyyub Cabbarovun idarə etdiyi "QAZ-66" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ-21015" markalı avtomobildə olan sərnişinlər - 1965-ci il təvəllüdlü Natiq Mustafayev və 1973-cü il təvəllüdlü Famiz Məmmədov hadisə yerində ölüblər, sürücü Emin Hüseynov və digər sərnişin - 1973-cü il təvəllüdlü Tərlan Hümbətov xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara vaxtında tibbi yardım göstərildiyindən həyatlarını xilas etmək mümkün olub.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, yol qəzasının törədilməsində Emin Hüseynov günahkardır və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Yol qəzası nəticəsində dünyasını dəyişən Natiq Mustafayev və Famiz Məmmədov Vəkillər Kollegiyasının üzvü olublar.