Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/
Srebrenitsa soyqırımının qurbanları "Xocalıya Ədalət" kampanıyası tərəfindən anılıb.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumundan (DƏ-İKGF) Trend-ə verilən məlumata görə, dünən Srenrenitsa qurbanlarını anmaq üçün Bosniya və Herseqovinanın müxtəlif yerlərindən minlərlə insan Srebrenitsaya axın edib.
Bosniyadakı müharibə zamanı itkin düşmüş bir qrupun yaxın zamanda tapılan nəşləri də anım günündə digər qurbanların yanında dəfn edilib.
"Srebrenitsa Anaları" İctimai Birliyinin sədri və "Xocalıya Ədalət" kampaniyasının yaxın dostu Munira Subaşiçin itkin düşmüş oğlu da dəfn olunanlar arasında idi. "Xocalıya Ədalət" kampaniyasının Bosniyadakı fəallarından olan bir qrup Bosniya-Azərbaycan Cəmiyyətinin sədri Cavad Şahmanın başçılığı ilə Srebrenitsaya yürüşdə iştirak edib və qurbanları anmaq üçün "Xocalıya Ədalət" kampaniyası adından şəhidlərin abidəsi üzərinə əklil qoyub.