Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/
İyulun 14-də Azərbaycanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.