Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda nüvə elmləri sahəsində tədris sistemi tamamilə yenidən qurulmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
Onun sözlərinə görə, nüvə sahəsi üzrə tədrisin təşkili yalnız müharizələrlə yekunlaşmalı deyil. Nüvə elminin tədrisini yüksəltmək üçün ilk növbədə baza təhsil sisteminin səviyyəsini artırmaq lazımdır. Sırf nüvə elmləri sahəsində bakalavriat, magistratura səviyyələri üzrə ixtisaslaşmış kadrlar hazırlanmalıdır.
A.Qəribov bildirib ki, Azərbaycanda nüvə elminin tədrisi, bu sahədə kadr hazırlığı çox pis vəiziyyətddir: "Əfsuslar olsun ki, ötən dövr ərzində Azərbaycanda bu sahə üzrə çalışan mütəxəssislər qocalıblar, yeni mütəxəssislər isə yoxdur. Ona görə də nüvə elminin tədrisi, bu sahədə kadr hazırlığı çox pis vəziyyətdədir".
İnstitut direktorunun sözlərinə görə, Azərbaycanda nüvə elminin tədrisi və bu sahədə kadr hazırlığı demək olar ki, yalnız Radiasiya Problemləri İnstitutunda aparılır. Bu isə müasir dövrün tələblərinə çox da cavab vermir.
A.Qəribov bildirib ki, nüvə sahəsində mütəxəssislərin hazırlanması və onların treninqlərdən keçməsi üçün Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmiş gənclər Rusiyaya, yaxud Beynəlxalq Atom Enerjisi Agentliyinin müvafiq qurumlarına göndərilir: "Bizim nüvə proqramımız olmalıdır. Əgər gələcəkdə qonşu ölkələrdə nüvə ilə bağlı hər hansı problem, qəza yaranarsa, bizim ölkə də bu problemin içində olacaq. Bu problemi yaşayan ölkənin özünün kadr potensialı olmalıdır. Bu sahədə də dövlət səviyyəsində işlər aparılır. Fövqəladə Hallar Nazirliyində Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin tərkibində "İzotop" elmi mərkəzi yaradılıb. İndi bizim məqsədimiz akademik olaraq, həm onlara kadr hazırlamaq, həm də bu sahədə respublikamızın nüfuzunu dünya ölkələri arasında qaldırmaqdır".