...

Azərbaycan yol polisi yeraltı dayanacaqlardan istifadə etməyən sürücülərə xəbərdarlıq etdi

Cəmiyyət Materials 29 İyul 2013 16:45 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeraltı dayanacaqlardan istifadə etməyən sürücülərə müraciət edib.
Azərbaycan yol polisi yeraltı dayanacaqlardan istifadə etməyən sürücülərə xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeraltı dayanacaqlardan istifadə etməyən sürücülərə müraciət edib.

İdarədən Trend-ə bildiriblər ki, son dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakıda bir neçə yeraltı avtomobil dayanacağı yaradılaraq sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib.

Bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi yeraltı dayanacaqların yerləşdiyi ərazilərdə, xüsusilə Azərbaycan, Azadlıq, Bülbül, Ak. Zərifə Əliyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Əziz Əliyev, Füzuli, Mirzəağa Əliyev, 28 May, Nizami, Xaqani, Səməd Vurğun, Rəşid Behbudov və paytaxtın digər mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrini yolun hərəkət hissəsində parklayan, eləcə də avtomobilləri səkilərdə saxlamaqla piyadaların normal hərəkətini çətinləşdirən sürücüləri bu dayanacaqlardan istifadə etməyə çağırır və dayanma, durma və parklanma qaydalarını pozmaqla nəqliyyat vasitələrinin, xüsusilə, piyadaların rahat və fasiləsiz hərəkətinə mane olan avtomobil sürücülərinin bir daha nəzərinə çatdırır ki, bu qaydaların tələblərini pozan sürücülərin avtomobilləri təxliyyə olunmaqla barələrində ciddi inzibati tənbeh tədbirləri görüləcək.

Məlumatda həmçinin bildirilir ki, iyulun 25-dən paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələri arasında inşa olunmuş yeraltı avtomobil dayanacağı tam istifadəyə verilib. Həmin dayanacaqdan istifadə haqqı 1 saata qədər (50 qərik), 1-2 saat (1 manat), 2-4 saat (2 manat), 4-8 saat (3 manat), 8-12 saat (4 manat), 12-16 saat (5 manat), sutkalıq 6 manat, aylıq 100 manatdır.

Yeraltı dayanacaq 4500 avtomobil tutumuna, bundan əlavə, 37 avtomobil tutumu olan xüsusi bölməyə malikdir. Burada, həmçinin avtoyuma məntəqələri də fəaliyyət göstərir. Dayanacaq üçmərtəbəlidir və ümumi sahəsi 21 hektardır. Mərtəbələrdən ikisi avtomobil dayanacağı, biri isə texniki mərtəbədir. Texniki mərtəbədə digər qurğularla yanaşı, 1200 kubmetr tutumu olan 8 su hovuzu da yerləşir. Yeraltı dayanacaq müasir avadanlıq və sistemlərlə təchiz edilib. Burada ən müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri quraşdırılıb. Təhlükəsizliyin və nəzarətin tam təmin edilməsi məqsədilə dayanacaqda 270-ə yaxın kamera qoyulub. Bundan əlavə, çıxışlar 700 dərəcəyə dözən şüşəbəndlərlə bağlanıb. Burada 5 giriş-çıxış mövcuddur. Şəmsi Bədəlbəyli küçəsi yeraltı dayanacağın üzərindən keçdiyindən bu hissə körpü prinsipi ilə inşa edilib.

Yeraltı avtodayanacaqda 14 lift quraşdırılıb. Parkın ətrafında 7 yeraltı keçid inşa edilib və 24 eskalatorla təchiz olunub. Əlillər üçün 8 lift-eskalator fəaliyyət göstərir. Beləliklə, 7 hektar sahəsi olan bu kompleks indi paytaxt sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti