Azərbaycan, Bakı, 30 iyul /Trend/
İyulun 28-də WTA Tour (Women`s Tennis Association) seriyasına daxil olan sayca üçüncü "Baku Cup 2013" beynəlxalq qadın turnirinin finalı baş tutub. Bu il ölkənin ən iri banklarından biri - "Paşa Bank"ın strateji tərəfdaşlığı və sponsorluq dəstəyi ilə keçirilən turnirin mükafat fondu 235 min ABŞ dolları təşkil edib. Turnirin qalibi Elina Svitolina (Ukrayna) olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən PAŞA Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Şahin Məmmədovun sözlərinə görə, ölkənin ən iri maliyyə institutlarından biri kimi, bankın başlıca məqsədlərindən biri cəmiyyətin hərtərəfli inkişafına öz töhfəsini verməkdir.
"Təhsil və mədəniyyətlə yanaşı, idmanın və gənc idmançıların dəstəklənməsi həyata keçirdiyimiz korporativ sosial məsuliyyət proqramı çərçivəsində müəyyən etdiyimiz prioritetlərdən biridir. Biz şadıq ki, bizim kiçik töhfəmiz bu idman növünə marağın artmasında və beynəlxalq miqyasda müxtəlif tennis yarışları çərçivəsində ölkəmizi təmsil edən Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri uğurlarda öz əksini tapır".
PAŞA Bank həmçinin "H.Əliyevin xatirəsinə həsr olunmuş tennis turniri", "PASHA Bank Cup" beynəlxalq turnirin sponsorudur və eyni zamanda gənc və perspektivli tennisçi Ayxan Manaflıya dəstək göstərir.
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur.
PAŞA Bank Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.