Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/
Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinin təsdiq etdiyi tədbirlər planının tələbinə uyğun olaraq hər il ənənəvi olaraq ölkədə keçirilən "Təmiz hava" aylığı ilə əlaqədar avqustun 1-dən 31-dək Bakıda iri avtomobil müəssisələri nəzarətə götürüləcək, avtomobil parklarında nəqliyyat vasitələrinin mühərrikləri xüsusi cihazlar vasitəlilə yoxlanılaraq müvafiq tədbirlər görüləcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, yol hərəkətində istismar edilən bütün növ avtomobillər saxlanılaraq mühərriklərin ixrac etdikləri dəm qazının tərkibi yoxlanılıb müvafiq qərar qəbul ediləcək.
"Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
Bununla bağlı keçiriləcək tədbirlərdə ARDNŞ-in Ekologiya İdarəsinin əməkdaşlarının da iştirakı nəzərdə tutulub.
Tədbirlə əlaqədar nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin, eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırılır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Vaqif Əsədov əlavə edib: "Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə "Təmiz hava" aylığı çərçivəsində fəal iştirak etmələrini, istismar edilən nəqliyyat vasitəsini diaqnostikadan keçirmələrini və avtomobillərinin sazlığına diqqət yetirmələrini tövsiyə edir. Mühərrikin iş prinsipi, mühərrik işləyərkən onun hava ilə əlaqəsi, yanacaq sərfiyyatı və digər göstəricilər nəzərə alınmalıdır ki, mühərrikin ixrac etdiyi dəm qazının tərkibində karbon-oksid normadan artıq olmasın".
Qeyd edək ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.