...

Azərbaycanda ilin I yarısında 14 minə yaxın şəxs münasib işlə təmin edilib (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2013 15:41 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2013-cü ilin birinci yarısında görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Azərbaycanda ilin I yarısında 14 minə yaxın şəxs münasib işlə təmin edilib (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2013-cü ilin birinci yarısında görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov müasir Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının bütün istiqamətlərində əldə etdiyi tarixi nailiyyətlərin miqyasının daim genişləndiyini, hər zaman mərhələsinin bütün sahələrdə qazanılmış yeni uğurlarla ölkəni böyük perspektivlərə doğru daha da yaxınlaşdırdığını deyib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasətinin 2013-ci ilin birinci yarısında da respublikamıza yeni uğurlar gətirdiyini vurğulayan F.Ələkbərov bu müddətdə ölkədə ümumi daxili məhsulun 5 faiz, o cümlədən yeni iş yerlərinin yaradılmasında mühüm əhəmiyyət kəsb edən qeyri-neft iqtisadiyyatının 11 faiz artdığını qeyd edib.

Nazir bildirib ki, iqtisadi artım sosial sahədə də müsbət göstəricilərin davamlı şəkildə yüksəlməsi ilə müşaiyət olunur. Bunun real ifadəsi kimi, cari ilin 6 ayında əhalinin pul gəlirləri 2 faizlik inflyasiya göstəricisini 5,1 faiz üstələyərək 7,1 faiz artıb, eyni zamanda, 45 mini daimi olan 55 min yeni iş yeri açılıb.

Ölkə rəhbərinin həyata keçirdiyi siyasət məhz Azərbaycan vətəndaşının firavanlığının təminatına xidmət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rifahlı cəmiyyət quruculuğuna xidmət edən bu siyasətin icrasına öz töhfələrini vermək əzmi ilə fəaliyyət göstərir.

İclasda nazirlik tərəfindən görülən işlər barədə məlumat verilərək bildirilib ki, cari ilin 1 iyul tarixinə respublikada 531 885 nəfəri əhatə edən 120 904 ailənin hər birinə ayda orta hesabla təxminən 120 manat olmaqla ünvanlı yardım verilir. Ehtiyac meyarının məbləği isə 2006-ci ildəki 30 manatla müqayisədə son 6 ildə təxminən 3,1 dəfə artırılaraq 93 manata çatdırılıb. Aztəminatlı ailələrin dövlət yardımından asılılığının aradan qaldırılması və sosial reabilitasiyası məqsədilə hazırlanaraq iki il öncə sınaq işlərinə başlanılan Özünədəstək proqramı artıq öz müsbət nəticələrini verir. Belə ki, 13 rayon və şəhər üzrə proqrama cəlb olunmuş 271 ailədən 111 ailə üzrə proqram başa çatıb və cari ilin ilk rübündə aparılan monitorinq nəticəsində onlardan böyük əksəriyyətinin gəlirlərində mütəmadi artım dinamikası müşahidə edilib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticəsi olaraq, cari ilin 6 ayında 13 777 nəfər vətəndaş münasib işlə təmin edilib, peşə hazırlığı kurslarına 1 887 nəfər cəlb olunub. 1 918 nəfər isə əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilib.

Qeyd olunan müddətdə 4 423 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 8 054 halda qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. 355 421 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 324 732 manat gecikdirilmiş əməkhaqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 16 nəfərin əvvəlki işinə bərpa olunması, 5 096 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib.

Nazirlikdə yaradılan, ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu İctimai Şura cari ilin birinci yarısında da yeni sosial proqramların icrası, sosial qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması işlərində fəal iştirak edib.

Hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı, Xaçmaz, Qax rayonlarında 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, Ağdam, İmişli, Beyləqan rayonlarında 6 mərtəbəli 54 mənzilli və Bakının Nizami rayonunda 1 ədəd 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının tikintisi işləri aparılır. Bakının Nərimanov rayonunda isə gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi tikilməkdədir.

1998-ci ildən 2012-ci ilin dekabr ayınadək respublikamıza əlillər üçün cəmi 3 526 ədəd avtomobil alınıb gətirilib və imtiyazlı əlillər arasında paylanıb. Bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək.

Yaşadıqları bölgələrdə vətəndaşların qəbulu, müraciətlərinin özlərinin iştirakı ilə araşdırılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir. Qeyd olunan dövrdə nazir F.Ələkbərov tərəfindən nazirlikdə və respublikanın rayonlarında (Xaçmaz, Şabran, Qax, Ağstafa və Lənkəran rayonlarında) 13 vətəndaş qəbulu keçirilib, 500 nəfərədən artıq vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib, müraciətlərlə bağlı konkret tədbirlər görülüb. Vətəndaş qəbulları zamanı müraciətlərin araşdırılması ilə yanaşı, aztəminatlı ailələrin gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmaq üçün malik olduqları potensiallar da ətraflı öyrənilib.

Kollegiya iclasında görülən işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə edilib və sonda nazirliyin kollegiyası tərəfindən 2013-cü ilin ikinci yarısı üçün Tədbirlər Planı təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti