...

“Azərbaycan vəkili” jurnalının ikinci sayı işıq üzü görüb

Cəmiyyət Materials 14 Avqust 2013 14:39 (UTC +04:00)
Jurnalda tanınmış hüquqşünaslar və vəkillərin istehlakçı hüquqları, əmək müqaviləsinin xitamı, mənəvi zərərin əvəzinin ödənilməsi və s. məsələlərlə bağlı məqalələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevin “Konstitusional təfsir və fərdi şikayətlər” adlı yazısı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müsahibəsi toplanıb.
“Azərbaycan vəkili” jurnalının ikinci sayı işıq üzü görüb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

"Azərbaycan vəkili" jurnalının növbəti, ikinci sayı çapdan çıxıb. Jurnalda tanınmış hüquqşünaslar və vəkillərin istehlakçı hüquqları, əmək müqaviləsinin xitamı, mənəvi zərərin əvəzinin ödənilməsi və s. məsələlərlə bağlı məqalələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyevin "Konstitusional təfsir və fərdi şikayətlər" adlı yazısı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müsahibəsi toplanıb.

Jurnalda, həmçinin Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin qəbul etdiyi maraqlı qərarlar, ötən rüb ərzində Azərbaycan qanunvericiliyində baş vermiş mühüm yeniliklər, hüququn müxtəlif sahələri ilə bağlı yerli və beynəlxalq mətbuatda dərc olunmuş maraqlı xəbərlər, tanınmış hüquqşünasların həyat və fəaliyyəti haqqında məlumatlar yer alıb.

"Sualınıza vəkil cavab versin" rubrikasında isə Bakı Hüquq Mərkəzinin hüquqşünaslarının müxtəlif hüquqi məsələlərlə bağlı vətəndaşların suallarına cavabları yerləşdirilib.

Qeyd edək ki, Azərbaycanın hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.

Jurnal "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilati dəstəyi ilə çıxmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verəcək, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcək.

Nəfis tərtibat ilə çapdan çıxan jurnal rüblük 1000 tirajla buraxılmaqla ölkəmizin vəkil korpusu və aidiyyəti hüquqşünaslar arasında pulsuz paylanılır.

Qeyd olunmalıdır ki, jurnalın elektron versiyasını yaxın günlərdə Azərbaycan Hüquq İslahatları Mərkəzinin rəsmi veb-səhifəsindən yükləmək mümkün olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti