...

Həccə gedən Azərbaycan zəvvarlarını həkimlər müşayiət edəcək

Cəmiyyət Materials 26 Avqust 2013 11:34 (UTC +04:00)
Səudiyyə Ərəbistanında yayılan virusla əlaqədar Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarları tibbi personal müşayiət edəcək.
Həccə gedən Azərbaycan zəvvarlarını həkimlər müşayiət edəcək

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

Səudiyyə Ərəbistanında yayılan virusla əlaqədar Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarları tibbi personal müşayiət edəcək. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların səhhətinə nəzarət etmək, onların sağlamlığını qorumaq məqsədilə zəvvar qruplarının hər birinə tibb işçiləri təhkim olunacaq.

Hələlik zəvvarlara təhkim olunacaq səhiyyə işçilərinin sayı dəqiqləşdirilməyib. Bu Həccə gedəcək Azərbaycan vətəndaşlarının dəqiq sayından asılı olacaq.

QMİ-dən bildirilib ki, Həcc ziyarətinə zəvvarlarla birgə səhiyyə işçilərinin göndərilməsi bundan əvvəlki illərdə də olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi Həcc ziyarəti ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq göndərərək bildirib ki, son zamanlar ölkədə təhlükəli virus yayılıb və bu virusdan artıq onlarla insan dünyasını dəyişib. Nazirlik yaşlı zəvvarları və səhhətində xroniki xəstəliklər olan insanları Həcc ziyarətini təxirə salmağa çağırıb.

Səudiyyə rəsmiləri, həmçinin zəvvarların gigiyena qaydalarına əməl etmələrini, öskürərkən ağızlarını bağlamalarını və insanların çox olduğu yerlərdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görüblər. Rəsmilər zəvvarları bu virusdan mümkün qədər qorunmağa çağırıblar.

Elmi adı Yaxın Şərq tənəffüs yolları sindromu (Middle East respiratory syndrome - MERS-CoV) olan yoluxucu virusun Yaxın Şərqi bürüyə biləcəyi və böyük faciələrə səbəb olacağı söylənilir. Bu virusu alimlər ilk dəfə 2012-ci ilin martında İordaniyada aşkar ediblər və laboratoriya analizləri indi bu virusa onlarla insanın yoluxduğunu təsdiqləyir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 3600 zəvvarın yollanacağı nəzərdə tutulub. Builki ziyarət zamanı oktyabrın 2-dən 8-ə qədər Məkkəyə hər qrupda 45 - 55 zəvvar olmaqla 80 qrupun səfəri planlaşdırılır. Suriya və İraqda baş verən hadisələrlə əlaqədar bu il səfər yalnız təyyarə reysləri ilə baş tutacaq. Xidməti nisbətən zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün isə 4100 manat təşkil edəcək.

Qeyd edək ki, hər bir müsəlmanın vacib yerinə yetirməli olduğu 5 əməldən biri olan Həcc ziyarətini Azərbaycanda yalnız QMİ təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti