...

Bakıda keçirilən reyd zamanı bir neçə avtobus yol hərəkətindən kənarlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2013 14:33 (UTC +04:00)
Avqustun 26-da “Təmiz hava” aylığı çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin avtobus qarajında birgə reyd keçiriblər.
Bakıda keçirilən reyd zamanı bir neçə avtobus yol hərəkətindən kənarlaşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

Avqustun 26-da "Təmiz hava" aylığı çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sərnişindaşıma ilə məşğul olan "Xaliq Faiqoğlu" MMC-nin avtobus qarajında birgə reyd keçiriblər.

Trend xəbər verir ki, qarajda olan sərnişin avtobusları müasir texniki cihazlar vasitəsilə reysqabağı yoxlanılıb və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrənilib. Keçirilmiş yoxlamaların nəticələrinə əsasən, mühərriklərində normadan artıq zərərli maddələr olan 3 avtobus yol hərəkətindən kənarlaşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, bu gün keçirilən tədbir zamanı qarajda olan sərnişin avtobusları müasir texniki vasitələrlə reysqabağı yoxlanılacaq və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrəniləcək:

"Yalnız bundan sonra həmin avtobusların yol hərəkətində istismarına qərar veriləcək. Yəni, mühərrikində normadan artıq dəm qazı olan avtobusun yol hərəkətində istismarına tərəfimizdən qadağa qoyulacaq. Həmin avtobus saz vəziyyətə gətirildikdən sonra xəttə buraxılacaq."

Bölmə rəisi qeyd edib ki, avqustun 1-dən bu günədək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda 17-dək müəssisədə yoxlamalar aparıb, 3000 mindən artıq nəqliyyat vasitəsinə baxış keçirilib, 200-ə yaxın avtomobil sürücüsünə inzibati qaydada protokol tərtib edilib. Tərtib edilmiş protokol əsasında hər bir avtomobil sürücüsü 150 manat məbləğində cərimə edilib.

ARDNŞ-in təhlükəsizlik idarəsinin qaraj rəisi Rəhim Kərimov, ekologiya idarəsinin ekoloji ölçmə mərkəzinin nümayəndəsi Coşqun Bərxudarov və "Xaliq Faiqoğlu" MMC-nin nümayəndəsi Füzuli Sadıqov isə aylıq çərçivəsində görülən işlərdən danışaraq bildiriblər ki, "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası ilə əlaqədar Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində nəqliyyat vasitələrinin zərərli qazlarının miqdarının azaldılması məqsədi ilə bir sıra tədbirlər görülür. Müayinələr zamanı mövcud normalara uyğun gəlməyən nəqliyyat vasitələri yenidən texniki baxışdan keçirilir və problemlər aradan qaldırılır.

Xatırladaq ki, nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqustun 1-dən 31-dək ölkədə "Təmiz hava" aylığı keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti