Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramovun komissiyanın ünvanına səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, bununla əlaqədar olaraq komissiya öz münasibətini bildirib. Bu gün Məhəmməd Bayramovun fikri ilə əlaqədar yeni bir fikir söyləmək istəmədiyini deyən M.Abbaszadə vurğulayıb ki, hər il elmi-metodik seminarlar təşkil edilir və burada mütəxəssislər bütün nəticələri müzakirə edirlər.
Onun sözlərinə görə, qəbul imtahanlarının məzmunu pedaqoji ictimaiyyətin iştirakı ilə formalaşır: "Bu prosesdə həm orta məktəb, həm ali məktəb müəllimləri, həm də alimlər iştirak edirlər. Bu nəticələri əldə etmək üçün xüsusi statistik nəticələri də həmin seminara təqdim edirik. Hələ ki, bu il üçün statistik nəticələri seminara təqdim etməmişik deyə, bu fikrə hansısa yeni bir münasibət bildirməyi özümə rəva bilmirəm".
M.Abbaszadə qeyd edib ki, bu məsələ ilə bağlı cəmiyyəti heç nə çaşdırmır və hər şey aydındır. Onun fikrincə, proqramlar yanvar ayında çap olunaraq ictimaiyyətə təqdim olunur: "Proqramlar çap olunanda model testləri də təqdim edirik. Yanvardan ictimaiyyətə imkan veririk ki, təqdim olunan proqram, model testlərə öz fikirlərini bildirsinlər. Bundan sonra sınaq imtahanları keçirilir və bunların nəticələrini də aşkar səviyyədə ictimaiyyətə təqdim edirik. Builki qəbul imtahanlarında da əldə olunan nəticələr əvvəlcədən gözlənilən nəticələr idi".