...

"Ekoturizm və davamlı inkişaf" mövzusunda interaktiv seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2013 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitin qorunması ilə əlaqədar bir çox layihələr həyata keçirən IDEA (International Dialogue for Environmental Action) kampaniyası hər il sentyabr ayının sonunda bir çox ölkələrdə qeyd olunan Ümumdünya Turizm Günü ilə əlaqədar oktyabrın 2-də "Ekoturizm və davamlı inkişaf" mövzusunda interaktiv seminar təşkil edib.

Kampaniyadan Trend-ə verilən məlumata görə, 20-yə yaxın gəncin iştirak etdiyi seminar Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub.

Seminarın keçirilməsində əsas məqsəd gəncləri yeni yaranmış bir sahə olan ekoturizm haqqında maarifləndirmək, onları ekoturizmin davamlı inkişafda oynadığı önəmli rolla daha yaxından tanış etməkdir.

Seminarda ekspert qismində IDEA kampaniyasının layihələr üzrə koordinatoru Surxay Novruzlu iştirak edib. Ekspert gənclərə ekoturizm, onun inkişafı, ətraf mühitə təsiri haqqında məlumat verib və bu sahədə onları maraqlandıran müxtəlif tipli sualları cavablandırıb.

Mövcud problemlərdən söz açan ekspert təbiətin turistlər tərəfindən çirkləndirilməsinin oradakı canlılar, ümumilikdə biomüxtəliflik üçün nə dərəcədə böyük bir təhlükə yaratdığını seminar iştirakçılarının diqqətinə çatdırıb.

İnteraktiv şəkildə keçirilən seminarın sonunda ekspert gəncləri sözügedən sahə ilə daha dərindən maraqlanmağa və təbiət qoynunda istirahət edərkən ətraf mühitin qorunmasına, təmizliyinə xüsusi diqqət yetirməyə səsləyib.

Qeyd edək ki, IDEA kampaniyası bu cür maarifləndirici layihələri mütəmadi olaraq həyata keçirir.

Xatırladaq ki, IDEA kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti