...

Azərbaycan hərbçiləri ilə ziyalıları görüşüblər (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2013 13:40 (UTC +04:00)
Onlar əvvəlcə TTM-in Atış şəhərciyində PDM-2(BMP-2), TƏİR (PTUR), 2S1 özüyeriyən artilleriya qruğularının və tankların məşq qurğularında atışa qədər məşğələlərini izləyiblər. Qonaqlar məşğələlərdə hərəkətdən, qısa dayanacaqlarda peyda olan və hərəkət edən hədəflərə atış prosesi ilə yaxından tanış olublar.
Azərbaycan hərbçiləri ilə ziyalıları görüşüblər (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İzzət/

Bu gün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) ziyalılarla görüş keçirilib.

Trend xəbər verir ki, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Müdafiə Nazirliyinin mətbuat xidmətinin sədri, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) olublar.

Onlar əvvəlcə TTM-in Atış şəhərciyində PDM-2(BMP-2), TƏİR (PTUR), 2S1 özüyeriyən artilleriya qurğularının və tankların məşq qurğularında atışa qədər məşğələlərini izləyiblər. Qonaqlar məşğələlərdə hərəkətdən, qısa dayanacaqlarda peyda olan və hərəkət edən hədəflərə atış prosesi ilə yaxından tanış olublar. Onlara hərbçilərin təlim prosesi və atış məşğələsi barədə ətraflı məlumat verilib.

Daha sonra TTM-in şəxsi heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən TTM-in zabiti, polkovnik-leytenant Murad Gülbabayev Azərbaycanda aparılan ordu quruculuğu barədə məlumat verərək ordumuzun dövlət müstəqilliyi və ərazi bütövlüyünü qorumağa qadir olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib.

Hərbçilər qarşısında çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə bildirib ki, burada gördükləri onu çox təəccübləndirib və bir daha Silahlı Qüvvələrimizin gücünə bələd olub:

"Hərbi texnikaları hər dəfə yalnız paradda görürdük. Amma burada əyani şəkildə izahlı olaraq görmək çox təəssürli oldu. Məsəl var ki, sülh istəyirsənsə, müharibəyə həmişə hazır ol! Mən bir daha görürəm ki, bizim hərbçilərimiz buna hazırdırlar."

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da Azərbaycan Ordusunun düşmənə layiqli cavab verə biləcək gücdə olduğuna əmin olduğunu deyib: "Bu gün gördüklərimdə Azərbaycan Silahlı Qüvvələrində gedən inkişafı təsdiq edə bilərəm. Biz qürur hissi keçiririk. Burada olan texniki imkanlar Azərbaycan Ordusunun güclü kadr hazırlığına imkan yaradır. Güclü Azərbaycan Ordusu düşmənə layiqli cavab verə bilən ordudur. Bu ordu torpaqlarımızı azad etməyə tam qadirdir."

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sədri, polkovnik Eldar Sabiroğlu müdafiə naziri Səfər Əbiyevin və bütün hərbçilərin adından ziyalılara təşəkkür edib. O qeyd edib ki, Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı mütləq azad edəcək:

"Hərbçilərin qədrini bilmək hökumətin, dövlətin vəzifəsidir. Ali Baş Komandan İlham Əliyev azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün bütün səylərini əsirgəmir. Prezident İlham Əliyevin Ordmuzun Cənubi Qafqazda ən güclü orduya çevrilməsində xüsusi xidmətləri var. Biz müharibə istəmirik. Çünki böyük qanlar töküləcək. Lakin biz də torpaqlarımızın düşmən tapdağı altında qalmasına imkan verməyəcək və torpaqlarımızı mütləq azad edəcəyik."

Daha sonra çıxış edən TTM-in digər zabitləri də dövlətimiz tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti