...

YUNESKO-da "tolerantlıq məkanı"nı tərənnüm edən sərgi keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2013 15:02 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə Parisdə "Seyid Yəhya Bakuvi ili"nə həsr edilmiş silsilə tədbirlər keçirilib.
YUNESKO-da "tolerantlıq məkanı"nı tərənnüm edən sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend, müxbir S.Əhmədova /

Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə Parisdə "Seyid Yəhya Bakuvi ili"nə həsr edilmiş silsilə tədbirlər keçirilib. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, həmin gün YUNESKO-nun Parisdəki mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə dəfələrlə Azərbaycana səfər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkillərindən ibarət sərgi təşkil edilib, sərginin açılışı münasbəti ilə ziyafət olub.

Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirmişdir ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsi ilə Prezident seçkilərində 3-cü dəfə qalib gəlmiş İlham Əliyev üç gün əvvəl keçirilmiş andiçmə mərasimindəki proqram xarakterli çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqının ona etimad göstərməsinin səbəblərindən biri də xalqımızın milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələrinin Azərbaycan dövləti tərəfindən qorunması və təşviq edilməsidir. Prezident İlham Əliyevin "multikulturalizm və milli-dini azlıqlara hörmət Azrbaycan xalqının milli xüsusiyyətidir" sözlərini xatırladan Dövlət Komitəsinin sədri bildirmişdir ki, bu gün burada ölkəmizdəki mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin keçirilməsi məhz Azərbaycan dövlətinin bu istiqamətdəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.

Sərginin açılış mərasimində çıxış edən BMT-nin Sivililizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın dünyada təşviqinə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirmiş, qeyd etmişdir ki, sərgidən də göründüyü kimi Azərbaycanda müxtəlif inanclara malik insanların qarşılıqlı hörmət şəraitində yaşamaları dünya üçün bir örnəkdir.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, dünyanın tanınmış fotoqraflarından biri olan Reza Deqati sərginin açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə həyata keçiriləcək dünya gəncləri arasında "Photolerance" adlı beynəlxalq foto müsabiqəsinə start verilməsini elan etmişdir. O qeyd etmişdir ki, müsabiqə gənclər arasında fərqliliklərin maneə olaraq dəf edilməsi üçün dialoqun zəruriliyinin və müxtəlifliyin bəşəriyyətin mədəni zənginliyinin nümunəsi olmasının dərk edilməsinə yönəlmişdir. Bütün dünya ölkələrindən olan 18-25 yaşlarında gənclərin təqdim etdikləri fotolar dünyanın nüfuzlu mütəxəssisləri və mədəniyyət xadimlərinin təşkil etdiyi jüri tərəfindən seçiləcək. Qalib gəlmiş fotoşəkillərin müəllifləri BMT Sivilizasiyalar Alyansının 2014-cü ildə keçiriləcək VI Qlobal Forumunda mükafatlandırılacaqlar.

"Azərbaycan - tolerantlıq məkanı" fotosərgisi salonda toplaşmış 500-dən artıq qonaqların geniş marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti