...

Heydər Əliyev Mərkəzinin binasının yeni fotosessiyası

Cəmiyyət Materials 28 Oktyabr 2013 17:31 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin binasının noyabrın 5-də keçiriləcək beynəlxalq arxitektur təqdimatı ərəfəsində yeni fotosessiyası yayımlanıb.
Heydər Əliyev Mərkəzinin binasının yeni fotosessiyası

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Heydər Əliyev Mərkəzinin binasının noyabrın 5-də keçiriləcək beynəlxalq arxitektur təqdimatı ərəfəsində yeni fotosessiyası yayımlanıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası hazırda müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar Zaha Hadiddir.

Heydər Əliyev Mərkəzinin unikal arxitektur quruluşa malik binası Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini təcəssüm etdirir.

Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda, davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını ifadə edir.

Binanın inşasında düz xətlərdən istifadə olunmayıb.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulub. Sahəsi 40 min kvadratmetr olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur - üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunub.

Əsas bina 3 bölmədən ibarətdir: birinci bölmə Heydər Əliyev Muzeyi, ikincisi 9 mərtəbədən ibarət olan Sərgi zalları bölməsidir. Burada sərgi zalları, inzibati ofis, və kafe yerləşir. Üçüncü bölmə dörd mərtəbədən ibarət olan Audiorium bölməsidir. Burada 2 konfrans zalı (çoxməqsədli zal), görüş və toplantı otaqları, Media mərkəzi yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti