...

Elsevər Ağayev: Azərbaycanda bu il ərzində həkimlərin səhvi nəticəsində ana ölümü halları baş verməyib

Cəmiyyət Materials 31 Oktyabr 2013 12:49 (UTC +04:00)
Azərbaycanda bu il ərzində həkimlərin səhvi nəticəsində ana ölümü halları baş verməyib. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib.
Elsevər Ağayev: Azərbaycanda bu il ərzində həkimlərin səhvi nəticəsində ana ölümü halları baş verməyib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu il ərzində həkimlərin səhvi nəticəsində ana ölümü halları baş verməyib. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib.

E.Ağayevin sözlərinə görə, Azərbaycanda hər bir ana ölümü Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən analiz edilir: "Ana ölümü halları yalnız SN tərəfindən deyil, prokurorluq orqanları tərəfindən də araşdırılır və bununla bağlı cinayət işləri açılır. Bu il ərzində sırf həkimlərin günahı üzündən ana ölümü baş verməyib. Ancaq həkimlərin az və ya çox dərəcədə qeydə alınan yanaşı səhvləri də SN-nin Doğuşa Yardım Komissiyasının diqqətindən kənarda qalmayıb. Bu həkimlər cəzalandırılıblar. Onların iş yerləri dəyişdirilib, daha aşağı vəzifəyə keçiriblirlər, yaxud vəzifələrindən uzaqlaşdırılıblar. Ancaq bu il ərzində qeydə alınan 21 ana ölümünün sırf səbəbi həkim səhvi olmayıb".

Nazir müavini qeyd edib ki, Azərbaycanda ildən-ilə ana və uşaq ölümü halları azalır. Ötən illə müqayisədə bu il ana ölümü 2 hal azalıb. Bu ilin 10 ayı ərzində ölkədə 21 ana ölümü halı qeydə alındığı halda, ötən ilin müvafiq dövründə bu rəqəm 23 olub: "Nəzərə almaq lazımdır ki, bu il doğuşların sayı da ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Azərbaycan əhalisinin artım tempinə görə də dünyanın aparıcı dövlətləri ilə müqayisə oluna bilər. Bu göstəricilərə görə Azərbaycan Avropanın bütün ölkələrindən irəlidədir. Azərbaycanda əhalinin artım əmsalı 12-dən yüksəkdir. Bu, çox böyük rəqəmdir. Dünyaya gələnlərlə ölənlər arasında olan rəqəm hər 1000 nəfərə 12-dən artıqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti