...

Azərbaycanın ilk sterilizasiya qurğusunun 2015-ci ildə istifadəyə veriləcəyi gözlənilir

Cəmiyyət Materials 13 Noyabr 2013 14:24 (UTC +04:00)
Bunu Trend-ə Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
Azərbaycanın ilk sterilizasiya qurğusunun 2015-ci ildə istifadəyə veriləcəyi gözlənilir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) "Azərbaycanda sterilizasiya məqsədilə güclü qamma mənbəli qurğunun işə salınması" birgə layihəsi çərçivəsində respublikada ilk dəfə quraşdırılan sterilizasiya qurğusunun 2015-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bunu Trend-ə Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, sterilizasiya qurğusunun quraşdırılması üçün tələb olunan avadanlıqlar, karkas artıq Bakıya gətirilib. Qurğunun quraşdırılması ilə BAEA-nın elan etdiyi tenderdə qalib gələn Macarıstanın İzotop İnstitutu məşğul olur. Sterilizasiya qurğusu Bakının ətraf ərazisində - Qobuda quraşdırılır.

Qurğu üçün əlavə olaraq dozemetrik və mikrobioloji, yəni keyfiyyətə nəzarət laboratoriyaları da yaradılacaq. Hər hansı məhsul sterilizasiya olunduqdan sonra onda mikroorqanizmin tələf olub-olmaması mikrobioloji laboratoriyada yoxlanacaq: "Qurğunun şüalanma korpusunun quraşdırılması ilə bağlı işlər, demək olar ki, başa çatmaq üzrədir. Ancaq qurğunun istifadəyə verilməsi üçün laboratoriyaların korpusu, ofis də hazır olmalıdır. Yəqin ki, bu işlər gələn il qurtarar. 2015-ci ildən isə qurğu istifadəyə verilər".

A.Qəribov bildirib ki, sterilizasiya qurğusu istifadəyə verildikdən sonra qamma şüaları ilə müxtəlif obyektlər şüalandırılacaq və məhsulların istifadə müddəti artırılacaq. Bununla da Azərbaycanda taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının istifadə müddətini artırmaq və onların tez xarab olmasının qarşısını almaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti