Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Avropa İttifaqının Tempus layihəsi çərçivəsində işçi qrupların Latviyanın Riqa şəhərində keçirilən görüşü başa çatıb.
Azərbaycan Turizm İnstitutundan Trend-ə verilən məlumata görə, "Davamlı turizmin idarə olunması üçün beynəlxalq bakalavr və magistr proqramlarına dair yeni modulların hazırlanması"nı şərtləndirən layihənin ikinci mərhələsinin gündəliyində 12 işçi qrupu üzvlərinin yekdil qərarı ilə işıq üzü görəcək dərsliklərin koordinasiyası hədəf bilinib.
Riqa toplantısında Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanovun rəhbərliyi ilə institutun müəllim-akademik heyət üzvlərindən 11 nəfər yaxından iştirak edib. 4 gün davam edən tədbirdə bütün işçi qrupları tərəfindən hazırlanacaq yeni dərsliklərin sturukturu və məzmunu dəqiq müəyyənləşib.