...

Türkiyədə "Azərbaycan həftəsi" keçirilir (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2013 07:30 (UTC +04:00)
18-20 noyabr tarixlərində Azərbaycan nümayəndə heyəti “Azərbaycan həftəsi” silsilə tədbirlər keçirmək üçün Türkiyəyə səfər etmişdir.
Türkiyədə "Azərbaycan həftəsi" keçirilir (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

18-20 noyabr tarixlərində Azərbaycan nümayəndə heyəti "Azərbaycan həftəsi" silsilə tədbirlər keçirmək üçün Türkiyəyə səfər etmişdir.

Səfər ərəfəsində Yalova, Edirne, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlər keçirilmişdir.

Nümayəndə heyəti Yalova şəhərində Vali Esengul Civelek, millət vəkili Temel Coşkun, Yalova Universitetinin rektoru professor Niyazi Ereslu, prorektor, professor Ali Rza Abay, həmin Universitetin Beynəlxalq Əlaqələr Departamentinin Direktoru, professor Kenan Dağçı ilə bir sıra görüşlər keçirmiş, Yalova Universitetinin və Türkiyə XİN SAM-ın təşkilatçılığı ilə görüşdə məruzələrlə çıxış etmiş, daha sonra Bursada Bursa Valisi Munir Karaloglu, Bursa Büyükşehir Belediye Başkanı Recep Altepe və Uludağ Universitetinin Rektoru Prof. Dr. Kamil Dilek ilə görüşmüş, Uludağ Universitetində tələbə və müəllim kollektivini maraqlandıran suallara cavab vermişlər.

Görüşlərdə Fərhad Məmmədov "Azərbaycan Xarici Siyasəti Hara Gedir?", Musa Qasımlı "Azərbaycan-Türkiyə Münasibətləri", Cavid Vəliyev "Regional Layihələrə Azərbaycanın Baxışı", Araz Aslanlı "Dağlıq Qarabağ Müzakirələrində Azərbaycanın Mövqeyi", Zaur Vəliyev "Azərbaycanın İqtisadi Siyasəti Regional Çərçivədə", Hatəm Cabbarlı "2015-ci ilə Doğru Azərbaycanın Mövqeyi" və Vüqar Məsimoğlu "Türkiyə-Azərbaycan Əlaqələrinə Medianın Təsiri" mövzularında çıxışlar etmişlər.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev və Media Xidmətinin Rəhbəri Mehriban Həsənova, Millət vəkili Musa Qasımlı, Milli Məclis aparatının Analitik İnformasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, "Qafqaz" Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı, APA TV-nin direktoru Vüqar Məsimoğlu və Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov da daxildir.

20 noyabr 2013-cü il tarixində Ankarada baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin ilə görüş və Türkiyə Xarici İşlər Nazirliyində diplomatlar və Türk XİN SAM ilə dəyirmi masa planlaşdırılır.

"Türkiyədə Azərbaycan həftəsi"-nin yekun tədbiri Ankarada Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ORSAM ilə birgə keçirilən "Dəmirdən İpəkyolu: Bakı-Tiflis-Qars Dəmiryolu" mövzulu konfrans olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti