...

QHT-lərə Dövlət Dəstəyi Şurası ictimai dinləmələr keçirib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2013 14:14 (UTC +04:00)
Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti ilin maliyyə yardımı müsabiqəsi ilə bağlı ictimai dinləmələr keçirib.
QHT-lərə Dövlət Dəstəyi Şurası ictimai dinləmələr keçirib (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti ilin maliyyə yardımı müsabiqəsi ilə bağlı ictimai dinləmələr keçirib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Şura sədri Azay Quliyev qeyd edib ki, dinləmələrin əsas məqsədi QHT-lərin maliyyə müsabiqəsi ilə bağlı təkliflərini öyrənməkdir: "Biz çox istərdik ki, QHT-lər növbəti il üçün hansı mövzuları proritet hesab edirlərsə, hansı mövzular ictimai baxımdan daha çox əhəmiyyət kəsb edirsə, bunu bizə bildirsinlər və biz həmin mövzuları müsabiqənin əsas istiqaməti kimi təqdim edək".

Daha sonra QHT rəhbərləri və nümayəndələri fəaliyyət göstərdikləri sahədə mövcud durum haqqında danışıb və təkliflər irəli sürüblər. QHT-lər ermənilər tərəfindən həyata keçirilən plagiatlığın qarşısının alınması, Azərbaycan mədəniyyətinin və musiqisinin xaricdə təbliğinin gücləndirilməsini, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində mədəni abidələrin məhv edilməsi ilə bağlı dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, milli mənəvi dəyərlərin qorunması, "ideya bazarı" və ya "beyin mərkəzi"nin yaradılması, KİV-də və ictmai-iaşə obyektlərində Azərbaycan dilindən istifadə sahəsində problemlərin aradan qaldırılması və digər mövzularla bağlı təkliflər irəli sürüblər.

A.Quliyev QHT-lərə maliyyə yardımının ayrılması sahəsində mövcud olan bəzi məsələlərə də toxunub. O bildirib ki, elə QHT-lər var ki, bir neçə dövlət qurumundan maliyyələşir: "Misal üçün gənclərlə bağlı olan QHT-lər var ki, onlar həm QHT-lərə Dövlət Dəstəyi Şurasından, həm də Azərbaycan Prezidenti yanında Gənclər Fondundan qrant alırlar".

A.Quliyev bildirib ki, elə etmək lazımdır ki, həmin təşkilatlar bir ildə bir neçə yerdən qrant almasınlar.

Şura sədri əlavə edib ki, bu sahədə neqativ halların aradan qaldırılması məqsədilə qrant üçün sənədlərin təqdimatında bəzi dəyişikliklər olacaq. Onun sözlərinə görə, dövlət qeydiyyatı olmayan heç bir təşkilata qrant ayrılmayacaq: "Qrant üçün müraciət edən təşkilat mütləq Ədliyyə Nazirliyindən çıxarış təqdim etməlidir".

A.Quliyev bu həftənin cümə günü parlamentdə "İctimai iştirakçılıq haqqında" qanunun qəbul olunacağını bildirib.

Şura sədri gələcəkdə Şuranın yerli və xarici QHT-lərlə birgə əməkdaşlığı şəraitində həyata keçiriləcək layihələri maliyyələşdirməyi planlaşdırdığını açıqlayıb. O, QHT-ləri təhsil sahəsində problemlərə diqqəti artırmağa çağırıb.

Sonda A.Quliyev keçirilən dinləmələrin səmərəli olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti