...

Bakıda ÜGT-nin Regional Tədris Mərkəzləri Rəhbərlərinin I konfransı keçiriləcək

Cəmiyyət Materials 13 Dekabr 2013 15:59 (UTC +04:00)
Bakıda 22-24 yanvar 2014-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Regional Tədris Mərkəzləri Rəhbərlərinin birinci konfransı keçiriləcək.
Bakıda ÜGT-nin Regional Tədris Mərkəzləri Rəhbərlərinin I konfransı keçiriləcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İzzət/

Bakıda 22-24 yanvar 2014-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Regional Tədris Mərkəzləri Rəhbərlərinin birinci konfransı keçiriləcək.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu İrlandiyanın Dublin şəhərində keçirilmiş Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 70-ci sessiyasında ÜGT-nin baş katibi Kunio Mikuriya bildirib.

Öz hesabatında gömrük sahəsində təlim və seminarların əhəmiyyətindən danışan baş katib qeyd edib ki, konfrans Azərbaycan Dövlət Gömrük Komitəsi və ÜGT-nin Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi tərəfindən birgə təşkil ediləcək.

İclasda ÜGT-nin Avropa regionu üzrə sədr müavini qismində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti də iştirak edib.

Sessiyada gündəlik qəbul edildikdən sonra reqlamentə uyğun olaraq K.Mikuriya ÜGT-nin Strateji Planı ilə bağlı əldə olunan nəticələr və perspektiv işlər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

Sessiyada xarici ticarətdə vergidən yayınma məsələləri və gömrük-özəl sektor əməkdaşlığı mövzularında geniş müzakirə aparılıb.

ÜGT-nin Avropa regionu üzrə sədr müavini olaraq Azərbaycan DGK xarici ticarətdə vergidən yayınma halları ilə bağlı mövzuda həyata keçirilən iclaslardan birinə moderatorluq edib.

Sessiyada çıxış edən DGK sədri A.Əliyev Azərbaycanda gömrük-özəl sektor əməkdaşlığı və ümumiyyətlə, xarici iqtisadi fəaliyyət iştirakçılarının işini asanlaşdırmaq və şəffaflığı təmin etmək məqsədilə həyata keçirilən tədbirlərlə bağlı iclas iştirakçılarına ətraflı məlumat verib, eyni zamanda, iclasda gömrük-biznes əməkdaşlığı ilə bağlı Azərbaycan tərəfinin təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

İclasın gündəliyində Harmonik Sistem və Malların Kodlaşdırılması, ÜGT-nin Strateji Planı və 2014-2015-ci illər üçün maliyyə məsələləri və büdcənin formalaşdırılması, ÜGT direktorlarının seçilməsi ilə əlaqədar mövcud prosedurlar və digər aidiyyəti məsələlər iclas iştirakçılarının diqqətinə çatdırılıb və müzakirə olunaraq qəbul edilib.

Daha sonra Balidə keçirilmiş yüksək səviyyəli konfransda ticarətin asanlaşdırılması ilə bağlı qəbul edilmiş sazişin ÜGT üzvləri tərəfindən dəstəklənməsi və qeyd olunan məsələlərin daha geniş şəkildə tətbiq edilməsini təmin etmək məqsədilə hazırlanmış "Ümumdünya Ticarət Təşkilatı tərəfindən ticarətin asanlaşdırılması üzrə sazişin qəbul edilməsi ilə bağlı Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının Qətnamə layihəsi" müzakirə olunaraq qəbul edilib.

Tədbirdə Mərakeş Gömrük Xidmətinin baş direktorunun təklifi ilə Fələstin Dövlətinin ÜGT-yə üzvlüyü məsələsinə baxılıb və ÜGT-nin Baş katibi K.Mikuriya Fələstinin potensialın gücləndirilməsi ilə bağlı proqramlardan faydalana biləcəyini və üzvlük məsələsinə isə digər beynəlxalq təşkilatlarla paralel olaraq baxılmasının daha uyğun olduğunu qeyd edib.

Sonda Siyasi Komissiyanın növbəti sessiyanın 21 iyun 2014-cü il tarixdə Brüssel şəhərində keçirilməsi qərara alınıb.

Səfər çərçivəsində DGK sədri A.Əliyev bir sıra ölkələrin gömrük xidməti rəhbərləri ilə ikitərəfli görüşlər də keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti