Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda məişət zorakılığının qurbanına çevrilən qadınların sayı əslində artmayıb. Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib.
H.Hüseynova bildirib: "Biz statistikanı götürsək, əksinə məişət zorakılığının qurbanına çevrilən qadınların sayının azaldığını görərik".
Onun sözlərinə görə, ölkəmizdə aparılan güclü maarifləndirici tədbirlər bu kimi halların azalmasına gətirib çıxarıb: "Burada bir məsələ var ki, əvvəllər bu kimi hallar daha çox qapalı saxlanılır, onlar haqqında məlumat çadırılmırdı. Lakin indi biz problemlərin aradan qaldırılması ilə bağlı gördüyümüz işlər nəticəsində bu kimi halları daha çox aşkar edirik. Cəmiyyətdə belə təsəvvür yaranır ki, məişət zorakılığının qurbanına çevrilən qadınların sayı artır".
Bu cür halların sayının çoxalması ilə bağlı yaranan təsəvvürdə KİV nümayəndələrinin də rolunun olduğunu deyən komitə sədri vurğulayıb ki, çox təəssüf ki, bir çox hallarda məişət zorakılığı ilə bağlı məsələlər cəmiyyətə populist şəkildə çatdırılır: "Bu cür münasibət mənfi hallara gətirib çıxarır. Əksinə, məsələyə həssas yanaşılmalıdır. Məişət zorakılığına məruz qalanın adını çəkmək, onu müzakirə etmək heç də müsbət nəticə vermir. Məsələlərə xüsusi diqqət yetirməli, incə məqamlara incə yanaşılmalıdır".