Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Azərbaycan Respublikası Dövlət Net Şirkəti (ARDNŞ) prezidentinin müvafiq əmrləri ilə 01.01.2014-cü il tarixdən ARDNŞ-nin "Kompleks qazma işləri" trestinin, Neft kəmərləri İdarəsinin və Geofizika və Geologiya İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatların yenidən təşkil olunması qərara alınıb.
Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, struktur dəyişikliklərinin aparılmasının məqsədi ikipilləli idarəetmə sistemindən birpilləli idarəetmə sisteminə keçməkdən ibarətdir.
Dəyişikliklərə əsasən, həmin müəssisələrin strukturu idarəetmə aparatlarından və istehsalat bölmələrindən ibarət olacaqdır ki, bunun da nəticəsində idarəetmənin çevikliyi və operativliyi artacaq və idarəetmə prosesləri sadələşəcəkdir.
Struktur dəyişiklikləri nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmur. Yalnız mühəndis-texniki heyətin tərkibində bir-birini təkralayan vəzifələr üzrə çalışan şəxslərin Şirkətdə müvafiq işlə təmin edilməsi mümkün olmadıqda onlara ARDNŞ-də artıq bir neçə ildir ki, tətbiq olunan və Azərbaycan Respublikası Neft Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Təşkilatları ilə razılaşdırılmış qaydada əmək haqqının 5 (beş) misli məbləğində kompensasiyalar ödəniləcəkdir.