Azərbaycan, Bakı, 13 yanvar /Trend/
2 fevral ölkədə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. 1996-cı ilin məhz bu günündə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan gənclərinin I Forumu keçirildi və 2 fevral tarixi Gənclər Günü kimi elan edilərək Azərbaycan tarixinə yazıldı.
Bu gün münasibətilə respublikanın paytaxt və digər regionlarında müxtəlif səpkili tədbirlər keçirilir. Davamlı olaraq Gəncə şəhərində də hər il bu münasibətlə müxtəlif tədbirlər, görüşlər keçirilir. 2014-cü ildə Gənclər Günü münasibətilə 2016-cı ilin Avropa Gənclər Paytaxtı Gəncə şəhərində ilk dəfə olaraq gənclər "Fəal Gənc" mükafatı ilə mükafatlandırılacaq. Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə həyata keçiriləcək "Fəal Gənc-2014" mükafatı davamlı olaraq hər il gənclərə təqdim olunacaq.
"Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən təsis olunmuş "Fəal Gənc" mükafatının təsis edilməsində əsas məqsəd Gəncə şəhərində müxtəlif sferalarda fəaliyyət göstərən və yüksək nailiyyətlər əldə etmiş gənclərin əməyini qiymətləndirmək, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, peşəkarlıq səviyyələrinin artırılması üçün əlavə stimullar yaratmaqdır.
Ətraflı məlumat üçün:
e-mail: [email protected]
Tel: 055 (070) 652-77-27
Facebook: odlaryurduyouth