...

ARDNŞ-nin inşa edəcəyi yeni kompleksin ərazisində 22 ədəd partlamamış hərbi sursat aşkar edilib

Cəmiyyət Materials 21 Yanvar 2014 13:28 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inşa ediləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri zamanı 22 ədəd partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib.
ARDNŞ-nin inşa edəcəyi yeni kompleksin ərazisində 22 ədəd partlamamış hərbi sursat aşkar edilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inşa ediləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri zamanı 22 ədəd partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, onların arasında köhnə əl qumbarası, 100 mm-lik top, 125 mm-lik tank mərmiləri, onlar üçün müxtəlif çeşidli partlayıcı zapallar, eləcə də digər partlayıcı maddələrin qırıntıları və s. var.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend-ə verilən məlumata görə, həmin ərazilərin müəyyən hissəsi bir vaxtlar SSRİ Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələrinin Bakı Hərbi Dairəsinə (30 hektar) və Müdafiə Nazirliyinin Xəzər Donanmasına (50 hektar) məxsus olub. Hazırda qeyd olunan torpaq sahələrində mina və partlamamış digər hərbi sursatların olması ehtimalı araşdırılır.

Detallı araşdırmanın həyata keçirilməsi işlərinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cəlb edilib. ANAMA tərəfindən təxminən 30 hektarlıq (265 000 m2 ərazidə işlər başa çatdırılıb) ərazidə əməliyyat işləri aparılıb, 50 hektarlıq ərazidə isə işlərə başlanılıb (15 000 m2 ərazidə işlər başa çatdırılıb). Ərazidə təmizləmə işlərinin 6 ay müddətində aparılması nəzərdə tutulur.

Yeni inşa ediləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsinin reallaşdırılması üzrə işlər qrafikə uyğun davam etdirilir. Yaxın vaxtlarda kompleksin inşası üçün ayrılmış ərazidə torpaq-tikinti işlərinin aparılması və inşaat texnikasının cəlb edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti